Rektor müəllimləri və Əvəz Zeynallını məhkəməyə verib – Səbəb

Rektor müəllimləri və Əvəz Zeynallını məhkəməyə verib – Səbəb Dövlət Dillər Universitetinin rektoru Kamal Abdulla bu universitetin keçmiş və indiki müəllimlərindən bir neçəsini məhkəməyə verib.
Rektor onlardan pul, üzr və təkzib tələb edir.
Məlumata görə, K.Abdulla müəllimlərlə yanaşı, “Xural” qəzetinin rəhbəri Əvəz Zeynallıdan da şikayətçidir, ondan da təkzib, üzr və pul tələb edir.
Rektor iddia edir ki, ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, Ə.Zeynallı da onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub.
K.Abdulla Binəqədi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və “xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini,Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.
Bu iş üzrə məhkəmə iclası avqustin 1-nə təyin edilib.
Bu, “Xarici Dillər”də rektorla əməkdaşlar arasında ilk qalmaqal deyil. Ə.Zeynallı istisna olmaqla, adları çəkilən üç nəfərin hamısı hələ aylar öncə məhkəmədə K.Abdullaya qarşı iddia qaldırıb. V.Ağabəyli universitetdə dekan vəzifəsindən azad edilib, yarımştat müəllim kimi saxlanılıb. E.Baxşəliyeva və P.Mürsəlova isə işdən çıxarılıb. Onlar iddia edir ki, K.Abdulla universitetdə azad fikrə imkan vermir, onun qanunsuz göstərişlərini yerinə yetirməkdən imtina edənlərə təzyiq göstərir, işdən çıxarır.
K.Abdulla isə bu barədə deyilənləri təkzib edir.
Məhkəmələr universitetin əməkdaşlarının rektora qarşı şikayətlərini təmin etməyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər