Təhsil Nazirliyi məktəbəhazırlıqla bağlı ən çox verilən sualları cavablandırıb

Təhsil Nazirliyi məktəbəhazırlıqla bağlı ən çox verilən sualları cavablandırıb Təhsil Nazirliyi 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suallar və onların cavabları yayıb.
Tehsil-press.az ən çox verilən sual və cavabları təqdim edir:
Sual: Elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına sənəd qəbulu hansı rayon və şəhərləri əhatə edir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?
Cavab: Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
Cavab: Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu hansı müddətlərdə həyata keçirilir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.
Sual: Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı?
Cavab: Xeyr, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu həyata keçirilən rayon və şəhərlərdə ərazi prinsipinin tətbiqi gözlənilirmi?
Cavab: Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab:
- Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
- Xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
- Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
- Uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
- Valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (https://mektebeqebul.edu.az/az/ ) və ya şəhər və rayonlar üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat mərkəzlərində aparıla bilər.
Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?
Cavab: Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.
Sual: Məktəbəhazırlıq qruplarında təhsil ödənişlidirmi?
Cavab:Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrindən istifadə edə bilər?
Cavab: Mobil telefon və ya elektron poçt ünvanı.
Sual: Məktəblərin seçimi hansı qaydada aparılır?
Cavab: Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.
Sual: Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu hansı prioritetlər nəzərə alınmaqla aparılır?
Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;
- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Sual: Digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu necə həyata keçirilir?
Cavab: 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına sənəd qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsinə ehtiyac yaranmır.
Sual: Məktəbəhazırlığa sənəd qəbulu zamanı müsahibə önəm daşımır. Bəs, bu proses 1-ci sinfə qəbul zamanı prioritet xarakter daşıyacaqmı?
Cavab: Bəli, uşağın məktəbəhazırlıq qruplarında təhsil almasından asılı olmayaraq 1-ci sinfə qəbul zamanı həmin uşaq üçün digər dildə tədris aparılan bölmə seçilərsə, uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirakı mütləqdir.
Sual: İşğal altında olan rayon məktəblərini necə seçmək olar?
Cavab: İşğal altında olan rayon məktəblərini seçən zaman yaşayış ünvanına uyğun rayon (şəhər) təhsil şöbəsini (idarəsini) seçib qeydiyyatdan keçmək lazımdır.
Sual: Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa, nə etmək lazımdır?
Cavab: Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş daimi qeydiyyatda olduğu rayon icra hakimiyyətinə, yaxud məcburi köçkün vəsiqəsi ilə birlikdə Alternativ Qeydiyyat mərkəzlərinə müraciət etməlidir.
Sual: Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə bilərlər?
Cavab: Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Sual: Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?
Cavab: Xeyr. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.
Sual: Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?
Cavab: Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.
Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilməz?
Cavab: Valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.
Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Cavab: Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidir.
Sual: Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?
Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U)) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.
Sual: Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?
Cavab: İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Sual: Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib və tətillər olacaqmı?
Cavab: Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək:
- I yarımil: 1 oktyabr-26 yanvar
- II yarımil: 1 fevral-31 may
- 5 gün payız tətili (16-20 noyabr)
- 5 gün qış tətili (27-31 yanvar)
- 5 gün əlavə tətil (1-5 may)
Sual: Məşğələlərin müddəti necə müəyyən olunur?
Cavab:
- Həftədə 4 gün olmaqla, 12 məşğələ;
- Bir gün ərzində 3 məşğələ;
- Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə;
- Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.
Sual: Məktəbəhazırlıq qruplarında uşaqların say həddi necə müəyyənləşdirilir?
Cavab:
- Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
- Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;
- Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
Sual: Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi?
Cavab: Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.
Sual: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət göstərəcək?
Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.
Sual: Məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?
Cavab:
- Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə;
- Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına;
- Həmçinin, Rayon (Şəhər) Təhsil İdarələrinin (Şöbələrinin) telefon nömrələrinə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə suallara aydınlıq gətirmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər