ADPU-nun nümayəndəsi Kişineu şəhərində keçirilən yay akademiyasında iştirak edib

ADPU-nun nümayəndəsi Kişineu şəhərində keçirilən yay akademiyasında iştirak edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev Moldovanın paytaxtı Kişineu şəhərində K.Stere adına Avropa Siyasi və İqtisadi Elmlər Universitetinin təşkilatçılığı, Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun maliyyə dəstəyi ilə “MDB ölkələri milli təhsil sistemləri çərçivəsində qarşılıqlı olaraq universitet təhsilinin və elmi tədqiqat işlərinin effektivliyinin artırılması” mövzusunda keçirilən yay akademiyasında iştirak edib.
MDB və Avropa ölkələrini təmsil edən 15 ölkənin 21 universitet və institutundan 180 nəfərin iştirak etdiyi yay akademiyası əsasən postsovet və postsosialist ölkələrinin təhsil, elm, tədqiqat əlaqələrinin daha dərindən qurulmasına, universitetlərin beynəlxalq əlaqələrinin əsas istiqamətlərinin birgə müəyyənləşdirilməsinə həsr olunub.
Yay akademiyasında Azərbaycan nümayəndə heyəti adından çıxış edən dosent Yusif Alıyev ölkə təhsilinin hazırkı durumu, qəbul edilmiş qanun, strategiya və proqramlar haqqında məlumat verib. O, həmçinin təhsil sahəsində islahatların nəticələri, qarşıda duran əsas vəzifələr barədə danışıb, MDB məkanında fəaliyyət göstərən universitet və elmi-tədqiqat mərkəzlərinin birgə əlaqələrinin qurulmasının vacibliyinə toxunub. Belə tədbirlərin daha geniş formatda, tədris edilən bütün elm istiqamətləri üzrə təşkil olunmasının önəmini qeyd edən dosent Yusif Alıyev son illər ADPU-nun genişlənən beynəlxalq əməkdaşlıq əlaqələri sırasında postsovet və postsosialist ölkələrinin universitetləri ilə əlaqələr qurulmasının önəmli olduğunu bildirib.
Yay akademiyası çərçivəsində “Universitet təhsilində səmərəli islahatlar”, “İnnovativ strateji istiqamətlər”, “Təhsildə müasir ali təhsil strategiyaları”, “Ali təhsildə mentorluq və məşqçilik (kouç) təhsili” mövzusunda panellər keçirilib.
Təşkilat komitəsi adından Yusif Alıyevə sertifikat təqdim olunub.
Sonda Moldovanın K.Stere adına Avropa Siyasi və İqtisadi Elmlər Universiteti, Rumıniyanın Arad Aurel Vlayku Universiteti və Rusiyanın Baltik Ekologiya Siyasət və Hüquq Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

ADPU-nun Mətbuat Xidməti


ADPU-nun nümayəndəsi Kişineu şəhərində keçirilən yay akademiyasında iştirak edib

Oxşar xəbərlər