Məktəb psixoloqunun fəaliyyəti yenidən tənzimlənəcək

Məktəb psixoloqunun fəaliyyəti yenidən tənzimlənəcək Təhsil Nazirliyinin təklifi əsasında “Təhsil haqqında” qanuna psixoloji xidmətin təşkili ilə bağlı yeni maddə əlavə edilib, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydalar layihəsi hazırlanıb.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib. Onun sözlərinə görə, bu qaydalar layihəsi təsdiq edildikdən sonra məktəb psixoloqlarının lazımi adekvat, vahid alətlərlə təmin edilməsi istiqamətində işlər görülməli, mövcud xarici testlərin standartlaşdırılması məsələsi həll edilməlidir.
İslahatların uğurla həyata keçirilməsinin həm də psixoloji xidmətin necə təşkil olunmasından asılı olduğunu deyən millət vəkili bu sahədə ürəkaçan olmayan məqamlara da toxunub: “Məktəblərin hazırlıqlı psixoloqlarla təmin edilməsi üçün yetərincə mütəxəssis yoxdur. Təhsil mühitinin yaradıcı təlim mühitinə çevrilməsi, yaradıcı təfəkkürə malik müstəqil şəxsiyyətin yetişdirilməsini təmin edən yaradıcı müəllimlərin və fəal-interaktiv təlim metodlarının hazırlanması baxımından da psixoloji xidmətin əsaslı şəkildə yenidən qurulması zəruridir”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini hesab edir ki, uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması həyati zərurətə çevrilib. Ona görə də məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə, eləcə də müəllim hazırlığı ixtisaslarında tədris edilən psixologiya dərsliklərinə, proqramalarına yenidən baxılmalıdır: “Müasir informasiya cəmiyyətinin yaranması qloballaşmanı o qədər sürətləndirib ki, mənlik şüuru yenicə formalaşan məktəbəqədər yaşlı uşaq ciddi psixoloji travmalara məruz qalır. Bu gün hər iki uşaqdan birində ya planşet, ya da smartfon var. Onlar hansı informasiyanı alırlar? Müəllim və valideynlərinin, yoxsa virtual dünyanın və oradakı yeni infoqrupların təsiri altında daha çox olurlar? Ona görə də uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması vacibdir”.
Deputatın fikrincə, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması, onların yeni təlim mühitinə və gələcək həyat fəaliyyətinə adaptasiyası, yaradıcılıq potensiallarının aşkar edilməsi və gerçəkləşdirilməsi, sağlam sosial-psixoloji iqlimin yaradılması, pedaqoji qabiliyyətlərin inkişaf etdirilməsi, xüsusi istedadlıların inkişafı təhsildə sosial-psixoloji xidmətin yenidən və əsaslı şəkildə qurulmasını tələb edir. Bu fəaliyyət sahəsinin hüquqi-metodiki bazası möhkəmləndirilməli, nəzarət gücləndirilməlidir.

Ruhiyyə DAŞSALAHLI

Oxşar xəbərlər