ADPU-da təkrar ali təhsil üçün müraciət etmiş namizədlərlə görüş keçirilib

ADPU-da təkrar ali təhsil üçün müraciət etmiş namizədlərlə görüş keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təkrar ali təhsil üçün müraciət etmiş namizədlərlə görüş keçirilib. Heydər Əliyev məktəbinin lektoriyasında keçirilən görüşdə 12 ixtisas üzrə sənəd təqdim etmiş 112 nəfər iştirak edib.
ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını universitetin rəhbərliyi adından salamlayıb və onlara uğurlar arzulayıb. Professor A.Zamanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə elm və təhsil sahəsi sürətlə inkişaf edir. Vurğulanıb ki, ADPU-da struktur islahatları, təhsilin keyfiyyətinin artırılması, elmi-pedaqoji potensialın inkişaf etdirilməsi istiqamətində görülən işlər davamlı təhsil sahəsində də nailiyyətlərin əldə olunmasına səbəb olub. Belə ki, universitetin Davamlı təhsil və innovasiyalar şöbəsinin fəaliyyətinin genişləndirilməsi, təkrar ali təhsil və yenidənhazırlanma təhsili üzrə ixtisasların sayının artması, müraciət edənlərin sayının daha çox olması müsbət cəhətlərdəndir.
Bildirilib ki, təkrar ali təhsil növü mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədilə həyata keçirilir. Təkrar ali təhsilin məzmunu təsdiq edilmiş tədris planları və proqramları əsasında müəyyənləşdirilir. Tələbə II tədris ilinə qəbul olunur və lazım gələrsə, alt qruplarda fənni dinləyərək I tədris ilindəki akademik borcları da ödəməlidir və təhsilin bu növü hazırda əyani formada həyata keçirilir.
Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə təkrar ali təhsil üçün “Riyaziyyat müəllimliyi” ixtisasına 19 nəfər, “İnformatika müəllimliyi” ixtisasına 2 nəfər, “Fizika müəllimliyi” ixtisasına 2 nəfər, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına 12 nəfər, “Kimya müəllimliyi” ixtisasına 3 nəfər, “Biologiya müəllimliyi” ixtisasına 1 nəfər, “Tarix müəllimliyi” ixtisasına 10 nəfər, “Coğrafiya müəllimliyi” ixtisasına 1 nəfər, “İbtidai sinif müəllimliyi” ixtisasına 40 nəfər, “Məktəbəqədər təhsil” ixtisasına 8 nəfər, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına 13 nəfər, “Korreksiyaedici təlim” ixtisasına 1 nəfər sənəd təqdim edib. Namizədlər tələb olunan sənədləri 2019-cu ilin aprel-avqust aylarında universitetə təqdim ediblər. Sonra sənədlər Təhsil Nazirliyinə göndərilib və nazirlik tərəfindən namizədlərlə bağlı müvafiq məktub universitetə daxil olub. Bu gün keçirilən görüşdən sonra hər bir ixtisas üzrə ADPU-nun rektoru, professor Cəfər Cəfərov tərəfindən təsdiq edilmiş mütəxəssislərdən ibarət müsahibə komissiyaları fəaliyyətə başlayacaq. Sonra isə müsbət rəy verilmiş namizədlər universitetin təkrar ali təhsil üzrə tələbələri olacaqlar.
Tədbirdə bəzi namizədlər çıxış ediblər, eləcə də onları maraqlandıran suallar adiyyəti şəxslər tərəfindən cavablandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da təkrar ali təhsil üçün müraciət etmiş namizədlərlə görüş keçirilib

Oxşar xəbərlər