ADA Universitetində Mahatma Qandinin 150 illik yubileyi qeyd olunub

ADA Universitetində Mahatma Qandinin 150 illik yubileyi qeyd olunub ADA Universitetində Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna, ADA Universitetin prorektoru Fariz İsmayılzadə, səfirliyin nümayəndəsi Suyeş Çandra Sinha görkəmli şəxsiyyət Mahatma Qandinin xidmətlərindən danışıblar.
Qeyd edilib ki, Mahatma Qandi Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndəsi olub. Onun fəlsəfəsinin əsasını zorakılıqla mübarizə və sülhün təbliği təşkil edib. Mahatma Qandi bütün dinlərin bərabər olduğuna inanıb, Cənubi Afrikada hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər mübarizə aparıb. Afrikadan Hindistana qayıtdıqdan sonra yoxsul əkinçiləri və fəhlələri ağır vergi siyasətinə və ayrı-seçkiliyə qarşı təşkilatlandırıb. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq və toxunulmazlıq ayrı-seçkiliyinə son qoyulması, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində mühüm işlər görüb. Mahatma Qandi sülh, qardaşlıq, qeyri-zorakılıq ideyalarını fəal təbliğ edib. O, təkcə Hindistan xalqının deyil, bütün bəşəriyyətin inkişafına çalışdığı üçün onun irsi həm də dünya xalqlarına aiddir.
Bildirilib ki, Hindistan milli-azadlıq mübarizəsinin lideri Mahatma Qandi özündən sonra gələn nəsillər üçün böyük ideya məktəbini miras qoyub. Onun irsinin öyrənilməsi tələbələr üçün nəinki Hindistan tarixinin, eləcə də dünyada gedən siyasi proseslərin, azadlıq və müstəqillik ideologiyasının qlobal inkişaf dinamikasının mənimsənilməsi baxımından olduqca vacibdir.
Sonra Mahatma Qandinin həyat və yaradıcılığı ilə bağlı təqdimatlar olub.

ADA-nın Mətbuat Xidməti


Oxşar xəbərlər