ADU-da “Hindistan etnoqrafiyası” kitabının təqdimatı keçirilib

ADU-da “Hindistan etnoqrafiyası” kitabının təqdimatı keçirilib Oktyabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin (Ayvazalı) ikicildlik “Hindistan etnoqrafiyası” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Öncə tədbir iştirakçılarını salamlayan Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva etnoqrafiya sahəsinə dəyərli töhfə olan “Hindistan etnoqrafiyası” kitabının müəllifinə dərin minnətdarlığını bildirib. “Regionşünaslıq kafedrasının əməkdaşlarının vaxtaşırı olaraq müxtəlif ölkələr və xalqların etnoqrafiyası, mədəniyyəti və tarixi haqqında kitabları işıq üzü görüb, bilavasitə bu kitablar sayəsində ölkələr haqqında daha geniş məlumat əldə edilib. Bəhmən Əliyev “Hindistan etnoqrafiyası” dərs vəsaitini yazmaqla universitetimizdə hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə böyük töhfə vermiş oldu, tələbələr kitab vasitəsilə məcazi mənada Hindistanı kəşf etmiş olacaqlar” – deyə bildirən S.Əliyeva müəllifin kitabda Hindistana yalnız tarixi, mədəni obyekt kimi yanaşmadığını, bu ölkəni etnoqraf kimi tədqiq etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent Samir Həmidov çoxmiqyaslı təhlil və araşdırma mənbəyi olan “Hindistan etnoqrafiyası” kitabının Hindistanın maddi-mədəni zənginliyi, mürəkkəb tarixi təkamülü və coğrafi baxımdan öyrənilməsində əvəzolumaz rolunun olacağını vurğulayıb. O, müəllifin müxtəlif etnoqrafik materiallara, tarixi araşdırmalara əsaslanaraq ərsəyə gətirdiyi dərs vəsaitinin zəngin maddi və mənəvi irsi olan Hindistanın daha dərindən öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini sözlərinə əlavə edib.
Hindistanın ölkəmizdəki səfirliyinin əməkdaşı Norbu Neegi kitabın müxtəlif dil, din və mədəniyyətlərin qovşağı olan Hindistanın mədəni və mənəvi irsinin öyrənilməsində mühüm rolunun olduğunu söyləyib. O, bu kitabın Hindistanın tədqiqi və araşdırılması və müxtəlif tarixi dövrlərdə mövcud olan etno-mədəni proseslər barədə məlumat əldə etmək üçün əhəmiyyətli rol oynayacağına ümid etdiyini söyləyib və müəllifə dərin təşəkkürünü bildirib.
Sonda tədbirin təşkil olunmasına görə universitet rəhbərliyinə təşəkkürünü bildirən B.Əliyev kitab haqqında ətraflı məlumat verib. B.Əliyev kitabın birinci cildində Hindistanın tədqiqinin mərhələləri, Hindistanın tarixi-etnoqrafik inkişaf yolu, maddi mədəniyyəti və sənətkarlığı barədə, ikinci cilddə isə dinlər və dini inancların Hindistan etnoqrafiyasının formalaşmasında rolu, kasta cəmiyyəti quruluşu, bayramların və musiqinin hind cəmiyyətində rolu kimi məsələlərdən bəhs olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, ADU-nun Elmi Şurası tərəfindən tövsiyə olunan dərs vəsaiti hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, Hindistan etnoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Hindistan etnoqrafiyası” kitabının təqdimatı keçirilibADU-da “Hindistan etnoqrafiyası” kitabının təqdimatı keçirilibADU-da “Hindistan etnoqrafiyası” kitabının təqdimatı keçirilib

Oxşar xəbərlər