Azərbaycanda aparılan köklü islahatlar iqtisadi dayanıqlı inkişaf modelini təmin edib

Azərbaycanda aparılan köklü islahatlar iqtisadi dayanıqlı inkişaf modelini təmin edib Dövlət başçısının rəhbərliyi ilə keçirilmiş iqtisadi islahatlar Azərbaycanın dayanıqlı inkişaf modelini təmin edib.
Bunu Tehsil-press.az-a Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artım onu göstərir ki, ölkədə şaxələndirmə məqsədi ilə atılan addımlar müsbət nəticələr verir:
“Azərbaycanın dövlət başçısı öz çıxışında birmənalı şəkildə iqtisadi göstəricilər üzrə daha yüksək nəticələrin əldə olunması üçün potensial və imkanların olduğunu qeyd etdi. Hesabat dövründə ən böyük artımın qeyri-neft sektorunda qeydə alınması ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə əlverişli təsir göstərmiş köklü islahatların nəticəsidir. Bu islahatların nəticəsi olaraq iqtisadiyyatın ən vacib sahəsində - kənd təsərrüfatında mühüm artım müşahidə olunur. Doqquz ay ərzində kənd təsərrüfatının 7 faizdən çox artması yaxşı nəticədir və bu fakt dövlət başçısının diqqətindən kənarda qalmadı”.
Deputat qeyd edib ki, düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycanın dövlət borcu aşağı səviyyədədir və ümümi daxili məhsulun cəmi 17 faizini təşkil edir:
“Azərbaycanın bu göstərici üzrə dünyada doqquzuncu yeri tutması rekord nailiyyətdir və hər il xarici dövlət borcunu azaltmaq lazımdır. Eyni zamanda uğurlu islahatların daha bir göstəricisi inflyasiyanın aşağı səviyyəsidir. Əvvəlki illərlə müqayisədə bu göstərici əhəmiyyətli dərəcədə azalıb. Əhalinin gəlirləri inflyasiyanı üstələyir və bu, bilavasitə Azərbaycan vətəndaşlarının maddi rifahının yaxşılaşmasını göstərir. Bu da gözlənilən idi, çünki ölkə rəhbərliyinin diqqət mərkəzində daim vətəndaş amili, onun rifahı yer alır. Bu vacib amili nəzərə almaqla, ölkədə 4,2 milyondan çox insanın maddi rifahına yönəlmiş ciddi sosial paket reallaşdırıldı və bunun nəticəsində pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Hazırda Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə MDB məkanında birinci yerdə, orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Bu da böyük nailiyyətdir”.
R.Quliyev “Doing Business” hesabatında Azərbaycanın biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə, son hesabatda isə yenə də 20 ən islahatçı ölkə sırasında yer almasını müsbət amil adlandırıb:
“Azərbaycan enerji daşıyıcıları bazarında vacib iştirakçılardan birinə çevrilib. Bu həm “Əsrin müqaviləsi”nə, həm onun müddətinin uzadılmasına, Trans-Adriatik və Trans-Anadolu boru kəmərlərinin tikintisinə, həm də Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi məqsədinə aiddir. Ölkə qeyri-neft sektorunun qabaqlayıcı inkişafı kursunu götürüb və idxal əvəzetmə və ixracyönümlü modellərin formalaşmasına xüsusi diqqət ayrılır. Bugünkü Azərbaycan təkcə öz iqtisadiyyatını inkişaf etdirən deyil, həm də digər ölkələrə aktiv şəkildə investisiya yerləşdirən ölkədir. Ölkə uğurlu iqtisadi inkişafını Azərbaycan Prezidentinin rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf modelinə borcludur”.

Tehsil-press.az

Oxşar xəbərlər