Sərginin keçirilməsində məqsəd tələbə və məzunları Şərqi Zəngəzur və Qarabağ bölgəsində fəaliyyət göstərən şirkətlərlə bir araya gətirərək, onların karyera imkanlarını nümayiş etdirmək, regionun bərpa və inkişafı prosesində gənclərin iştirakına dəstək olmaqdır.
Tədbirdə Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, bu il ölkəmiz üçün çox əlamətdardır, xalqımız Qarabağda tarixi Zəfərimizin 5 illik yubileyini və “Konstitusiya və Suverenlik İli”ni qeyd edir. Hazırda doğma Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq işləri, yalnız iqtisadi deyil, geniş sosial, mədəni layihələr həyata keçirilir, “Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Məhz bu baxımdan BDU-nun tələbə-məzunlarının Qarabağ və Şərqi Zəngəzurda iş imkanları ilə tanış edilməsi mühüm əhəmiyyət daşıyır: “BDU tələbələri həmişə ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatının əsas avanqardı olublar. İnanırıq ki, Universiteti hər il bitirən 6000-dən artıq məzunun çox hissəsi Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərində yaxından iştirak edəcək, azad edilmiş torpaqlarımızın çiçəklənməsinə öz töhfələrini verəcəklər”.
Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional məşğulluq filialının müdiri Sənan Məmmədzadə çıxışında bildirib ki, son illər dövlətimizin əsas strateji istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşmasıdır: “Bugünkü sərgidə Dövlət Məşğulluq Agentliyi BDU-nun tələbə və məzunlarına karyera dəstəyi proqramları, təcrübə və iş yerləri yerləri təklif edir. Qarabağ və Şərqi Zəngəzurda dövlət və özəl sektor tərəfindən açılan minlərlə vakansiya, sosial təminat tədbirləri, güzəştlər və inkişaf perspektivləri sizin üçün böyük üstünlük yaradır.
Azad olunmuş ərazilərdə işləmək əvəzolunmaz təcrübə deməkdir. Bununla siz həm də tarixi bir missiyada iştirak edəcək, yenidən dirçələn bölgələrimizdə həyatın bərpasına töhfə verəcəksiniz”.
Sərgidə 2000-dən artıq tələbə və məzun iştirak edərək, vakansiya və təcrübə proqramlarına müraciət etmək, CV təqdim etmək imkanına sahib olublar.
Sərginin yekununda Universitet və əmək bazarı arasında səmərəli tərəfdaşlığın formalaşdırılması məqsədilə Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşlarının və şirkət nümayəndələrinin iştirakı ilə şəbəkələşmə görüşü təşkil edilib. Görüşdə Mərkəzin fəaliyyət portfeli təqdim olunaraq, əməkdaşlıq imkanları və yeni tərəfdaşlıqların qurulması müzakirə edilib.
Tehsil-press.az











