Sevinc Fətəliyeva: Azərbaycanın “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması böyük əhəmiyyət kəsb edir

Sevinc Fətəliyeva: Azərbaycanın “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması böyük əhəmiyyət kəsb edir Milli Məclis tərəfindən “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi, ölkəmizin bu beynəlxalq sənədə qoşulması mühüm hadisədir. Çünki uşaq hüquqlarının qorunması bütövlükdə bəşəriyyəti düşündürən ən əsas məsələlərdən biridir.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası 2010-cu ildə imzalanıb, 2011-ci ildə isə Avropa Şurası Parlament Assambleyası tərəfindən Konvensiyanın təbliği üçün üzv dövlətlərdə “Hər beş uşaqdan biri” kampaniyasına başlanıb. Bu kampaniyanın məqsədi Avropa Şurasına üzv dövlətlərə bu sənədin mahiyyətini və vacibliyinin təbliği və qəbul olunması, eləcə də uşaq hüquqları ilə bağlı milli qanunvericiliyi konvensiyaya uyğun tənzimləmək idi:
“2011-ci ildə Azərbaycan bu kampaniyanı uğurla həyata keçirdi. Bu məqsədlə Milli Məclisdə yerli və beynəlxalq səviyyəli tədbirlər keçirildi. Eləcə də, parlament üzvlərinin, QHT nümayəndələrinin, AŞPA birgə uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların, valideynlərin və onlarla işləyən şəxslərin maarifləndirilməsi, uşaq hüquq pozuntularının və uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində məktəblərdə, dügər müəssisələrdə seminarlar, konfranslar təşkil olundu. Həyata keçirilən tədbirlərin miqyası və səmərəliyi baxımından Azərbaycan Avropa Şurasının ən fəal üzvü oldu, eyni zamanda maarifləndirmə təbirlərinin həyata keçirilməsi sayəsində cəmiyyət Lanzarote Konvensiyası haqqında geniş məlumatlandı. Milli Məclisdə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya olunması bu sahədə olan problemlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir".
Azərbaycan üçün hər zaman uşaq hüquqlarının qorunması və müdafiəsi prioritet məsələ olduğunu vurğulayan S.Fətəliyevanın sözlərinə görə, uşaqların sosial müdafiəsi istiqamətində ölkəmizdə vacib qanunlar qəbul olunub və bu sahədə mühüm addımlar atılıb ki, konvensiyanın qəbul olunması bunun bariz nümunəsidir.
Deputat eyni zamanda vurğulayıb ki, gələcəyimiz olan uşaqların müdafiəsində hər kəs fəal iştirak etməlidr.
Sevinc Fətəliyeva qeyd edib: “Müasir dövrdə uşaqların hüquqlarının qorunması çox aktualdır. Bu gün dünyanın bir çox yerində silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyət çəkirlər. Biz öz tariximizdə də bunun acı nəticələrini görürük. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb ki, onların da bir hissəsi uşaqlardır. Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hətta ən çətin vaxtlarda belə, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı çox böyük işlər görülüb, güclü qanunvericilik bazası yaradılıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti Prezident İlham Əliyevin xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Bu mənada hesab edirəm ki, sözügedən konvensiyanın da ratifikasiya olunması da böyük əhəmiyyət kəsb edir”.

Tehsil-press.az

Oxşar xəbərlər