Bakı Dövlət Universitetində tədbir: Ozan sənəti milli sərvətimizdir

Bakı Dövlət Universitetində tədbir: Ozan sənəti milli sərvətimizdir Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində ustad sənətkar Aşıq Şəmşirin yaradıcılığına həsr olunmuş “Ozan sənəti milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru Elçin Babayev saz, söz sənətinin şifahi xalq yaradıcılığında və yazılı ədəbiyyatda xüsusi yer tutduğunu deyib.
Rektor kökləri eposlarımıza, dastanlarımıza gedib çıxan aşıq sənətinin ustad sənətkar Aşıq Şəmşirin yaradıcılığı ilə daha da zənginləşdiyini bildirib. XX əsr aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin bu sənətə böyük töhfələrindən danışan Elçin Babayev tələbələrə milli ruhun aşılanmasında təşkil olunan bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
BDU-nun dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi idarə heyətinin üzvü Ələmdar Cabbarlı Aşıq Şəmşirin yaradıcılığından danışıb. O bildirib ki, Dədə Şəmşir yaradıcı aşıq olub, qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və s. şeir formalarında əsərlər yazıb, dastanlar yaradıb.
Sonra tədbir maraqlı bədii kompozisiya ilə davam etdirilib. Bədii hissədə Əməkdar artist Babək Niftəliyev, aşıqlardan Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əli Zeynalabdinov, Gözəl Kəlbəcərli, Sahil Qurbanov və Mehrac Kəlbəcərlinin ifasında Aşıq Şəmşirin şeirləri səsləndirilib. Aşıq Şəmşir adına Mədəniyyət Evinin folklor ansamblı tərəfindən Azərbaycanın qədim xalq oyunları “Kilimarası” və “Maraloyunu” nümayiş etdirilib.
Sonda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov görkəmli söz ustadı Aşıq Şəmşirə, aşıq sənətinə həsr edilən tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, professor-müəllim və tələbə heyətini universitetin 100 illik yubileyi münasibətilə təbrik edib.
Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Bakı Dövlət Universitetinə 100 illik yubiley münasibətilə fəxri fərman təqdim olunub.

BDU-nun Mətbuat Xidməti


Bakı Dövlət Universitetində tədbir: Ozan sənəti milli sərvətimizdir


Oxşar xəbərlər