BSU üzrə Tələbə Gənclər Təşkilatının yeni sədri təyin olundu

BSU üzrə Tələbə Gənclər Təşkilatının yeni sədri təyin olundu Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən universitet üzrə Tələbə Gənclər Təşkilatının (TGT) yeni sədri və idarə heyətinin üzvlərinin seçilməsi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova ölkəmizdə həyata keçirilən gənclər siyasətinin hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Prorektor X.Sultanova BSU-nun rektoru, professor Nurlana Əliyevanın universitetin tələbə-gənclərinə göstərdiyi diqqət və qayğısından danışaraq bildirib ki, BSU-nun tələbə təşkilatarının daha aktiv fəaliyyət göstərmələri istiqamətində mühüm işlər görülür. TGT-nin cəmiyyətimizdəki rolundan söz açan X.Sultanova qeyd edib ki, cəmiyyətimizin ön sıralarında olan gənclərimiz Azərbaycanın dövlət müstəqilliyinin qurulmasında, ölkəmizin inkişafında həmişə fəal iştirak edirlər. BSU üzrə TGT-nin bu illər ərzində keçirdiyi layihələri və gördüyü işləri yüksək qiymətləndirən X.Sultanova tələbə-gənclərə gələcək işlərində uğurlar arzulayıb.
Sonra çıxış edən TGT-nin fakültələrlə iş üzrə sədr müavini, Məkətəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin tələbəsi Münasib Əliyev BSU-nun Tələbə Gənclər Təşkilatının fəaliyyəti və idarə heyətinin üzvləri barədə məlumat verib, idarə heyətinin yeni üzvlərini iştirakçılara təqdim edib.
BSU-nun yeni TGT sədri, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Cəfər Adilov çıxış edərək göstərdikləri etimada görə tələbələrə və onun namizədliyini təsdiq edən universitet rəhbərliyinə təşəkkürünü bildirib, TGT-nin gələcək planlarından danışıb. C.Adilov sədrlik edəcəyi müddət ərzində təşkilat tərəfindən BSU tələbələrinin elmi dünya görüşlərinin və ictimai fəaliyyətlərinin inkişafına yönələn layihələr həyata keçirilməsi istiqamətində mühüm işlər görüləcəyini əminliklə vurğulayıb.
Sonra TGT-nin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsi üzrə yeni sədri Murad Əliyevin və Pedaqoji fakültə üzrə yeni sədr Sevinc Bağırovanın çıxışları dinlənilib. Tələbə-gənclər onlara göstərilən dəstəyə görə universitet rəhbərliyinə, fakültə dekanlarına və tələbələrə minnətdarlıqlarını bildirib, universitetin inamını doğrultmaq üçün böyük həvəslə çalışacaqlarını vurğulayıblar.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov çıxışında ATGTİ-nin əsas məqsədi, fəaliyyət istiqamətləri, təhsil müəssisələrinin ictimai həyatında tələbə-gənclərin fəallığının artırılmasına yönələn işlər barədə məlumat verib. F.Məmmədov bildirib ki, ATGTİ tələbə-gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun aşılanması məqsədilə mütəmadi tədbirlər həyata keçirir. ATGTİ-nin sədri bildirib ki, İttifaq təkcə Bakıda təhsil alan tələbələri deyil, regiondakı gəncləri də nəzərə alaraq layihələr hazırlayır. Faiq Məmmədov İttifaqın sıralarında xüsusən torpağına məhəbbətlə yanaşan, dövlətinə sadiq xidmət edən gənclərin birləşdiyini vurğulayıb. BSU gənclərinin ölkənin ictimai həyatında fəallıq göstərmələrini yüksək qiymətləndirən F.Məmmədov tələbə-gənclərə yeni nailiyyətlər arzulayıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib.

BSU-nun Mətbuat xidməti


BSU üzrə Tələbə Gənclər Təşkilatının yeni sədri təyin olundu
BSU üzrə Tələbə Gənclər Təşkilatının yeni sədri təyin olundu
BSU üzrə Tələbə Gənclər Təşkilatının yeni sədri təyin olundu

Oxşar xəbərlər