Xalça Muzeyində mühazirə: ənənəvi geyimlərin müasir modada interpretasiyası

Xalça Muzeyində mühazirə: ənənəvi geyimlərin müasir modada interpretasiyası Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Ənənəvi geyimlərin müasir modada interpretasiyası” mövzusunda mühazirəsi dinlənilib.
Sevil Kərimova mühazirəsində XX əsrdə ənənəvi geyimlərin dünyanın, o cümlədən Azərbaycanın geyim dizaynına, dəbinə təsirindən bəhs edib. Bildirib ki, moda mədəniyyət və incəsənət olmaqla bərabər hər bir xalqın göstəricisidir. Geyim dəbində olan ənənələr heç vaxt itmir, onlar daima aktual və funksional qalır. Bu da geyim dəbinin əsas xüsusiyyətlərindən biridir.
Sevil Kərimova dünya təcrübəsində ənənəvi milli geyimin əks olunmasının tarixi, qanunları, motivlərin təqdim olunması, məşhur modelyerlərin fəaliyyəti və geyim kolleksiyaları barədə məlumat verib. Məşhur dünya modelyerlərinin geyimlərində, kolleksiyalarında etnik motivlərin iştifadəsindən və işlənmə üsullarından söz açıb. O, həmçinin bu sahədə dünya və Azərbaycan təcrübəsindən danışıb. Bildirib ki, geyim dəbində Şərq motivlərinə maraq XX əsrin əvvəllərindən başlanıb.
Məruzəçi Azərbaycan geyim dizaynında bu mövzuların işlənməsi barədə də məlumat verib, etnik motivlərin mədəniyyətimizin təbliği baxımından mühüm rol oynadığını söyləyib.
Diqqətə çatdırılıb ki, artıq üç ildir ADMİU-nun tələbələri də qeyd olunan mövzu üzərində işləyirlər. Tədbirlərdə tələbələrin etnik motivlərdən istifadə etməklə hazırladıqları, həmçinin müasir dəb tendensiyasına inteqrasiya olunmuş “Azərbaycan ibtidai geyimləri və müasir moda”, “Türkün səsi” və “Qarabağ rüzgarı” adlı kolleksiyaları böyük maraqla qarşılanıb.
Tədbirdə, həmçinin ADMİU-nun Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru modelyer-dizayner Aysel Əzizovanın rəhbərliyi ilə “Zamanın qanadlarında: ənənədən müasirliyə” adlı geyim kolleksiyası nümayiş olunub. Kolleksiya universitetin geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələri tərəfindən hazırlanıb.
Təqdim olunan nümunələr milli geyimlərimizin motivlərinin müasir dəb tendensiyasına inteqrasiyasını əks etdirib.

Tehsil-press.az

Oxşar xəbərlər