Təhsildə yeni hədəflər

Təhsildə yeni hədəflər Prezident İlham Əliyev: “Tərbiyə işi yeni müstəviyə qalxmalıdır”
Bakı Dövlət Universitetinin 100 illik yubileyi cari ilin noyabr ayının 26-da təntənəli şəkildə qeyd edildi. Şərqin ilk yeni tipli ali məktəbi kimi Azərbaycan xalqının inkişafında - milli kadrların hazırlanmasında, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin, milli şüurun, milli özünədərkin formalaşmasında, elm və təhsilin inkişafında, Azərbaycan elminin dünya təhsil məkanına inteqrasiya etməsində, Azərbaycançılıq ideologiyasının formalaşmasında müstəsna rol oynamış universitetin yüz il ərzində keçdiyi şərəfli tarixi yola nəzər salındı, gələcək perspektivləri təhlil edildi.
Bakı Dövlət Universitetinin inkişafında ümummilli liderimiz Heydər Əliyevin xüsusi rolu olmuşdur. Təsadüfi deyildir ki, universitetin 50, 60, 75, 80 illik yubileyləri Heydər Əliyevin təşəbbüsü və sərəncamları əsasında keçirilmişdir. Yubiley bir növ hesabatdır, keçmişə nəzər salınır, uğurlar və səhvlər təhlil edilir, perspektiv planlar müəyyən edilir. 50, 60, 75 illik yubileylərində şəxsən iştirak edən ümummilli liderimiz öz çıxışlarında universitetin gələcək inkişaf perspektivlərinə diqqət yönəltmişdir.
Universitetin 90 və 100 illik yubileyləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları və şəxsən iştirakı ilə keçirilmişdi. 90 illik yubileydə olduğu kimi, 100 illik yubileydə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev proqram xarakterli məruzə ilə çıxış etmiş, Azərbaycan xalqının müstəqillik tarixinə, XX əsrdə müstəqilliyə gedən yolda Heydər Əliyev dühasının roluna, müstəqilliyin əldə edilməsinə, ölkəmizdə həyata keçirilən xarici və daxili siyasətə diqqət yetirərək, müasir dövrdə müstəqilliyin qorunması, ölkəmizin davamlı inkişafının təmin edilməsi baxımından təhsilin rolunu qiymətləndirmiş və ali təhsilin qarşısına yeni strateji hədəflər qoydu.
Bu gün əsl müstəqillik günüdür
“Xalqımızın tarixi faciələrlə doludur. Biz nəyə görə uzun illər, əsrlər boyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində yaşamışıq? Nəyə görə bizim dövlətçiliyimizin tarixi çox məhduddur?”. Çıxışında Prezident İlham Əliyev universitet əməkdaşlarının və gənclərin diqqətini bu suallara yönəltdi. Hər bir azərbaycanlı bu suallar üzərində düşünərsə (düşünməlidir də), ölkənin gələcəyi, onun müstəqilliyi əbədi, daimi olar.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyi elan edəndə əhalinin çox hissəsi savadsız idi, belə cəmiyyətdə güclü dövlət qurmaq mümkünsüz idi. Bu Cümhuriyyətin qurucularına da aydın idi, elə buna görə də onlar universitetin yaranması üçün var qüvvələrini əsirgəmədilər. Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, universitet yaşadı. Ömrünün ilk 50 ilində bir çox çətinliklərə sinə gərməyi bacaran Bakı Dövlət Universiteti ötən əsrin 70-ci illərindən etibarən öz intibah dövrünü yaşamağa başladı.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən həyata keçirdiyi yeniliklər nəticəsində Azərbaycan qısa müddət ərzində bütün sahələrdə əldə etdiyi uğurlarına görə öncül yerlərə yüksəldi. Həmin illər Azərbaycanın şərəfli tarixi kimi qiymətlidir. Hakimiyyətdə olduğu ilk günlərdən Heydər Əliyev təhsil sahəsinə xüsusi diqqət göstərmişdi. Onun təhsil sahəsinə xüsusi diqqət və qayğısı sayəsində həm orta məktəblərdə, həm ali məktəblərdə təhsilin keyfiyyəti ildən-ilə artmışdı. Bu ilk növbədə onun təhsilə, müəllimə qayğısının nəticəsi idi. Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərdə təhsil alması üçün şəraitin yaradılması təhsilin inkişafı istiqamətində görülən çoxsaylı işlərdən biridir.
Hər il 800 gənc Bakıda imtahan verib aparıcı ali məktəblərə qəbul olurdu. Bu, SSRİ miqyasında böyük innovasiya idi. Heydər Əliyev bu kadrları hazırlamaqla Azərbaycanın müstəqilliyə gedən yoluna işıq salmış, Azərbaycanın gələcəyi üçün, onun müstəqilliyi keşiyində dura biləcək kadrları artıq keçən əsrin 70-80-cı illərindən etibarən hazırlamağa başlamışdı. Bu gün Azərbaycanı ləyaqətlə təmsil edən insanlar arasında həmin kadrlar mühüm yer tutur.
1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması da Azərbaycanın müstəqillik yolunda mühüm əhəmiyyət kəsb edən qərar idi. Həmin dövrə qədər az sayda Azərbaycan vətəndaşı SSRİ-nin hərbi məktəblərində təhsil alaraq, hərbçi rütbəsi əldə etmişdi. Ölkəmizdə belə məktəblər yox idi, bu bəlkə də qəsdən düşünülmüş bir addıım idi. Heydər Əliyev sənayenin, kənd təsərrüfatının və bütün digər sahələrin inkişafının və bütövlükdə müstəqilliyin yolunun ölkənin müdafiə qabiliyyətindən keçdiyini bilirdi. Hərbi Məktəbin yaradılması qərarı da bu müstəvidə verilmişdi. Bu məktəbin kadrları müstəqillik əldə edildikdən sonra Azərbaycan ordusunun formalaşmasında mühüm rol oynadı.
Müstəqilliyin əldə edilməsi Azərbaycan xalqı üçün o qədər də asan olmadı, əksinə, çoxlu gərginliklər, təcrübəsiz idarəçilik, hakimiyyətin davamlı səhvlərinin nəticəsində anarxiyanın yaranması, torpaqlarımızın 20%-nin itirilməsi, bir milyon soydaşımızın qaçqın və köçkün düşməsi, qardaş qırğınının başlaması... və bunların acı sonluğu kimi ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qalması ilə tarixin yaddaşına həkk oldu. Xalqın iradəsi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının həyat-fəaliyyətinin nizama düşməsinə imkan verdi. Azərbaycana, onu yenidən asılı vəziyyətə salmaq niyyəti ilə uzanan əllər geri çəkilməyə başladı, əsrin müqaviləsi imzalandı, iqtisadiyyat dirçəldi, ordu quruculuğu həyata keçirildi. Azərbaycanın inkişaf sürəti günü-gündən artmağa başladı. Bütün bunlar Heydər Əliyevin müdrik idarəçilik strategiyasının və xalqın öz liderinə inamının nəticəsi idi. Sabitlik, davamlı inkişaf Azərbaycan xalqının həyat kredosunun təməl prinsipinə çevrildi.
Dünyada o xalq xoşbəxtdir ki, onun ümummilli lideri var. Bu xoşbəxtlik dünyanın bütün xalqlarına nəsib olmayıb. Azərbaycan o xoşbəxt xalqlar arasında birincilər sırasındadır. Çünki onun Heydər Əliyev kimi ümummilli lideri var. Əgər Ümummilli Liderin siyasətinin davamçıları varsa, xalq ikiqat xoşbəxt olur. Azərbaycanın gələcəyi bu müstəvidə də işıqlıdır. Çünki bu gün bütün Azərbaycan xalqı möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ümummilli Liderin siyasətinin davamçısıdır. Xalq inanır ki, bu siyasət Azərbaycan müstəqilliyinin qarantı kimi onun yeganə xoşbəxtlik yoludur. Bu gün imzalar içərisində imzası olan, millətlər arasında nüfuzu olan hər bir azərbaycanlı bu siyasət nəticəsində dünya xalqları arasında fəxrlə gəzir və qürurla deyir: “Mən müstəqil Azərbaycanın vətəndaşıyam”.
Müstəqillik, onun əldə olunması, bu yolda xalqımızın keçdiyi şərəfli yol, müstəqilliyin qorunması İlham Əliyevin çıxışında təlimin əsas hədəfi kimi qiymətləndirildi. Orta və yaşlı nəsil müstəqilliyə gedən yolda nələr baş verdiyinin şahididir. Bu gün həmin hadisələrlə yeni nəsli tanış etmək hər bir azərbaycanlının, hər bir müəllimin vətəndaşlıq borcudur. İl ərzində hər bir müəllim müstəqillik yolunda baş vermiş həqiqətlərlə yeni nəsli tanış etməli, xalqımızın əsrlər boyu yaşadığı faciələr, onların səbəbləri, xalqımızın iradəsi, mübarizliyi, müstəqilliyin əldə olunması yolunda verdiyimiz şəhidlər haqqında gənclərə məlumat verməli, onları müstəqilliyi qorumaq ruhunda tərbiyə etməlidir.
Bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq
1969-cu il idi. Bu o dövr idi ki, rusdilli olmaq aktuallaşmışdı və bu meyil getdikcə güclənirdi. Həmin il Azərbaycan Respublikası Kommunist Partiyasının I katibi seçilən Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində iştirak etdi və həmin dövr üçün nə qədər təhlükəli qiymətləndirilsə də, heç kimin gözləmədiyi halda öz çıxışını Azərbaycan dilində etdi. Bu, onun Azərbaycan dilinə ehtiramı, vətənpərvərlik hisslərinin təcəssümü idi. Azərbaycana rəhbərliyinin ilk illərində vətənə məhəbbətini bu çıxışı ilə hamıya nümunə göstərən Heydər Əliyev vətənə məhəbbətin nəyə qadir olduğunu öz fəaliyyəti ilə göstərə bildi. Bu məhəbbətin nəticəsi idi ki, hakimiyyətdə olduğu ilk günlərdən bütün fəaliyyətini Azərbaycanın inkişafına həsr etdi, Azərbaycan inkişaf etdikcə, sevinir, daha da ruhlanırdı, ən çətin anlarda isə heç bir təhlükəyə məhəl verməyərək, xalqın yanında oldu. Çünki xalqın dərdi onun dərdi, sevinci onun sevinci idi. O böyük Azərbaycanlı kimi hamıya nümunə idi.
Vətənpərvərlik Prezident İlham Əliyevin çıxışının əsas leytmotivlərindən biri idi. Hər bir insanın fəaliyyəti onun vətənpərvərliyi ilə bağlıdır. Vətənpərvərlik nədir? Bəzən bu suala insanlar primitiv yanaşaraq, vətənpərvərliyi, vətən qarşısında borcu hərbi xidmətlə məhdudlaşdırırlar. Təbii, vətəni qorumaq, onun uğrunda ölümə hazır olmaq vətənpərvərliyin özəyini təşkil edir. Lakin vətəni qorumaq tək hərbi xidmətlə məhdudlaşmır. Vətəni qorumaq özündə daha geniş məzmun daşıyır. Hər bir insan vətəni biliyi, savadı ilə qoruya bilər. Tarixdə belə misallar çoxdur. Bu baxımdan cənab Prezident tələbələrə bilikli olmağı tövsiyə edir. Sovet dönəmində diplom məqsəd idi, ona görə də hər bir tələbə diplom əldə etməklə öz karyerasını təmin edə bilirdi. Bu gün diplom vasitədir, insanın karyera qurub vətənə xidmət etməsi üçün vasitə. Diplom alan hər bir kəs iş tapa bilmir, bu gün hər bir iş yeri uğrunda rəqabət artmışdır, işə götürənlər daha peşəkar mütəxəssislər axtarırlar. Bu reallığı yüksək qiymətləndirən İlham Əliyevin tələbələri daha dərin təhsil almağa dəvət etməsi mühüm metodoloji əhəmiyyət kəb edir.
Tələbələrlə yanaşı, cənab Prezident müəllimlərə də öz tövsiyələrini vermişdir. Müəllim peşəsi çox şərəfli, məsuliyyətli, çox ağır peşədır deyən Prezident, onların öz üzərlərində daima işləmələrinin zəruriliyinə diqqəti cəlb edir. Müasir dünya “sürətlə dəyişən dünya” statusunu əldə etmişdir. Dəyişən dünya öz yenilikləri ilə əlamətdardır. Müəllimlər bu yeniliklərdən geri qalmamalıdır, belə yanaşma onların öz peşələrinə daha məsuliyyətlə yanaşmasını tələb edir. Bu gün müəllim öz fəaliyyətini informasiya vermək funksiyası ilə məhdudlaşdıra bilməz, tələbə informasiyanı internetdən də əldə edə bilər, müəllim həmin informasiyadan tələbənin öz inkişafı, ixtisasını dərindən öyrənmə, biliklər əldə etmək və yüksəkixtisaslı kadr kimi formalaşması üçün onlarda idraki bacarıqlar aşılamalıdır. Təcrübə göstərir ki, idraki bacarıqlar şəxsiyyət keyfiyyətləri ilə çulğalaşanda cəmiyyət bundan daha çox faydalanır. Əks təqdirdə, hazırlanan mütəxəssis bir çox hallarda bizi istəməyən qüvvələrin təsirlərinə məruz qalır, biliyini, savadını lazımsız işlərə həsr edərək cəmiyyətin inkişafında əngələ çevrilirlər. Bu müstəvidə Prezidentin qeyd etdiyi kimi, “Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə, Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəiflik və boşluqlar var”. Bu yanaşma həm müasir təhsilin fəlsəfəsinin, həm də zamanın tələbidir. Müəllim zamanla ayaqlaşmağı bacarmalıdır.
Təcrübə, bilik və gənclərimizin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi
Dəyişən dünyamız dinamizmi, novatorluğu, yeniliyi və islahatları sevir. Öz fəaliyyətində bu prinsiplərə üstünlük verən Prezident son vaxtlar həyata keçirilən kadr islahatlarında gənclərə geniş yer verir. Lakin bununla yanaşı potensial imkanları tükənməyən təcrübəli kadrlar da idarəetmə sistemində fəaliyyətini davam etdirir. Həyat göstərir ki, təcrübə, bilik novatorluğun, yeniliyin düzgün istiqamətlənməsində mühüm rol oynayır. Azərbaycan xalqı tarixən belə yaşamışdır, həmişə əldə olunan təcrübə sərvət kimi qiymətləndirilmiş, bu təcrübənin gənc nəslə ötürülməsi xalqın həyatının əsas kredosunu təşkil etmişdir. Prezidentin qeyd etdiyi kimi “Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliyi-bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər”. Bu, çox müdrik və dəyərli məsləhətdir. Müasir dövrdə cəmiyyətin dünyaya açıq olduğu bir zamanda, gənclərimiz xarici ölkələrdə xalqımızın həyat tərzinə əks olan dəyərlərlə rastlaşır, onların fəlsəfəsini bilmədiyi üçün, formasına şirniklənərək təqlidçiliklə məşğul olurlar. O xalqlar üçün həmin dəyərlərin formalaşmasının tarixi kökləri var, biz isə başqa dəyərlər müstəvisində inkişaf etmişik. Tarixən damla-damla qazanılmış dəyərlər insanın qanına, iliyinə hopur, insan bu dəyərlərdən kənar bütöv şəxsiyyət kimi inkişaf edə bilmir.
Gənclər bəzən kütləvi informasiya vasitələrində belə dəyərlərin tənqidi ilə bağlı olan verilişlərdən də səhv nəticə çıxarırlar. Gənclərə izah olunmalıdır ki, bir çox xarici ölkələr bizim milli-mənəvi dəyərlərimizi dəyişmək üçün təbliğat aparır, milli mənliyimizi əzmək yolu ilə öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Bizim xalqımızın həyat tərzinə zidd olan dəyərləri mənimsəməyimiz faciəvi səhv olardı, biz bunu görməliyik və gənclərimizə izah etməliyik. Bu şərəfli iş müəllimlərin əsas vəzifəsi kimi qiymətləndirilməlidir. Müəllimlər dərs zamanı təkcə yeni bilik, bacarıq və vərdişlərin öyrədilməsinə deyil, eyni zamanda gənclərin milli-mənəvi dəyərlərə malik şəxsiyyət kimi sosiallaşmasına diqqət yetirməlidirlər. Unudulmamalıdır ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması xalqın, millətin öz mənliyini dərk etməsi deməkdir. Bu, müstəqilliyimizin daimiliyini, əbədiliyini şərtləndirən əsas amillərdən biridir.
Prezident çıxışında qadın-kişi münasibətlərinə diqqəti cəlb edir. Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də gender bərabərliyinə hörmət və ehtiramla yanaşılır. Məsələyə tarixi aspektdən yanaşsaq, görərik ki, Azərbaycan xalqının həyat tərzində həmişə qadının hörmətli yeri olmuşdur. Bu, bizə tarixən qalmış mənəvi mirasdır. Xalqımızın qadına münasibətində onu müdafiə etmək, mənfi təsirlərdən qorumaq əsas məqamlardan biri kimi mənalandırılmışdır. Azərbaycanlı kişi həmişə öz müdrikliyi, mərdliyi, qüvvəti, sözü bütövlüyü, mədəniyyəti, işgüzarlığı, zəhmətkeşliyi ilə qadın məhəbbətini qazanmışdır. Tarixən qadın evin mənəvi dayağı olmuşdur, bu dayaq laxlayanda evdə xeyir-bərəkət yoxa çıxmışdır. Azərbaycan qadını da incəliyi, etibarlığı, sədaqətliyi, ailəyə bağlılığı ilə fəqrlənmiş, ailənin, xalqın müdafiəsində və inkişafında həmişə kişiyə silahdaş olmuşdur. Tariximizdə belə şərəfli səhifələr çoxdur, həmişə olmuşdur, bu gün də var, inamla deyə bilərik ki, əgər biz ənənəyə sadiq qalsaq, həmişə olacaqdır.
Biz IV industrial inqilab içərisindəyik
Prezident İlham Əliyev IV industrial inqilaba, bununla bağlı olaraq yeni peşələrin yaranması məsələsinə diqqəti cəlb etdi. Kompüter inqilabı dünya mədəniyyətində üçüncü inqilab sayılırdı. Bu inqilabın tərcümeyi-halı XX əsrin təxminən 60-70-ci illərindən başlayır. Elvin Toffler kompüter inqilabını mədəniyyət tarixində üçüncü dalğa kimi mənalandırmışdı. IV sənaye inqilabı isə ağıllı texnologiyaların vasitəsi ilə rəqəmsal inqilabın avtomatlaşdıra bilmədiyi sahələrin avtomatlaşdırılmasını özündə ehtuva edir. Bu, o deməkdir ki, bizi qarşıda süni intellekt, robotlar, biotexnologiya, nanotexnologiya və s. heyrətamiz texnoloji sıçrayışlar gözləyir. Bu heyrətamiz sıçrayışların nəticələri haqqında artıq kifayət qədər fərziyyələr irəli sürülür, amma bir həqiqət bəllidir ki, üçüncü sənaye inqilabını mənimsəməyən ölkələr üçün dördüncü sənaye inqilabını fəth etmək daha çətin olacaqdır. Bu, ağır nəticələrə gətirib çıxara bilər, belə ki, yeni texologiyaları ilk tətbiq edə bilən ölkələr bu inqilab nəticəsində daha da sürətlə inkişaf edəcəkdir. Bu həmin ölkələrin hegemonluğunun artacağı haqqında düşüncələri meydana gətirir.
Bəs bu inqilabın məziyyətləri hansı meyarlarla ölçülür? Problemlə məşğul olan alimlərin fikrincə, IV sənaye inqilabının əsas məramı insanların yaşayış şəraitini yeni keyfiyyət səviyyəsinə qaldırmaqla həyatı asanlaşdırmaqdır. Biotexnologiya və nanotexnologiyanın tətbiqi nəticəsində insanların daha uzun, daha sağlam həyat sürmələrinə şərait yaranacaq; Kvant kompüterlərinin tətbiqi ilə əvvəllər mümkün olmayan həcmdə məlumatların kompüterlərə toplanması, bunun nəticəsində insanların təhsil və dünyagörüşünün artmasına şərait yaranacaq; Süni intellektin inkişafı, robotların tətbiqi istehsal və iqtisadiyyatda insan amilinin rolunun minimum həddə qədər aşağı düşməsinə, sahibkarların istehsala qoyduqları xərclərin azalmasına, məhsuldarlığın isə günü-gündən artmasına imkan verəcəkdir. Bu texnologiyaların tətbiqi həyatı asanlaşdırmaqla bərabər, təbiət hadisələri haqqında əvvəlcədən məlumat əldə etmələrinə şərait yaradacaq ki, insanlar öz həyat fəaliyyətlərini bu hadisələrə adekvat qurmaq imkanı əldə edəcəklər.
Yeni texnologiyaların inkişafı və tətbiqi insanların həyat fəaliyyətinin məzmununu tamamilə yeniləşdirməsi nəticəsində bir çox peşə və ixtisasların tamamilə yoxa çıxması gözlənilir; insanların qabiliyyəti texnologiyanın tətbiqi ilə ölçüləcək; texnoloji qabiliyyətlərin daha önəmli əhəmiyyət kəsb edəcəyi gözlənilir. Məsələnin belə qoyuluşu müəllimlərdən tələbələri yeni industrial inqilaba hazırlamaq vəzifəsi qoyur.
Epiloq əvəzi
Bu gün Azərbaycan əzəmətli Heydər Əliyev siyasəti ilə inkişaf edərək dünyanı fəth edir. Son iki ay ərzində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədrliyini öz üzərinə götürüb, Zirvə görüşü Bakıda keçirilmiş, Qoşulmama hərəkatının sədrliyini öz üzərinə götürmüş, Bakıda 70 ölkənin dini liderlərinin iştirak etdiyi Dünya dini liderlərinin II Zirvə Görüşü Bakıda keçirilmişdir. Bütün bunlar Azərbaycanın dünya ölkələri içərisində necə inamla addımladığının bariz nümunəsi olub, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan təhsilinin bu inkişafa öz töhfəsini verə bilməsi üçün onun aşağıdakı hədəfləri fəth etməsi prioritet kimi qəbul edilməlidir: - Heydər Əliyev siyasətinə etibarlı, Prezidentin ətrafinda sıx birləşən, Azərbaycanın sözünü dünya meridianlarında deyə bilən, vətəni sevən, novator, texnoloji yeniliklərə hazır olan, intellektual və kreativ düşüncəyə malik, Azərbaycanın torpaqlarını müdafiə etməyə və itirilmiş torpaqları geri qaytarmağa qadir insanlar yetişdirmək.


Hikmət ƏLİZADƏ,
BDU-nun professoru, pedaqoji elmlər doktoru, Təhsil Şurasının sədri



Oxşar xəbərlər