AMEA-nın İqtisadiyyat İnstitutunun gənc tədqiqatçılarına adsız fərdi təqaüd verilib

AMEA-nın İqtisadiyyat İnstitutunun gənc tədqiqatçılarına adsız fərdi təqaüd verilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun daha iki gənc əməkdaşı – elmi işçi Dilman Əsədov və kiçik elmi işçi Ceyhun Hüseynov “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”çü olub.
Bununla bağlı qərar elmi şuranın iclasında verilib. İnstitutun direktoru, professor Nazim Müzəffərli və AMEA-nın müxbir üzvü, professor Akif Musayev öz maaşlarından 1 il müddətinə hər ay gənc tədqiqatçılara 100 manat məbləğində fərdi təqaüd verəcəklər.
Xatırladaq ki, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev gənc tədqiqatçılar üçün adsız fərdi təqaüdlərin verilməsi təşəbbüsü ilə çıxış edib və bu ideya bəyənilib. İqtisadiyyat İnstitutunun elmi şurası “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”ün əsasnaməsini də təsdiq edib. Qaydalara əsasən, təqaüd institutun direktorunun, AMEA-nın iqtisadiyyat üzrə həqiqi və müxbir üzvlərinin əməkhaqqı hesabına könüllü formada maliyyələşdirilir. Bir şəxs, bir qayda olaraq, 1 adsız fərdi təqaüdü maliyyələşdirir.
Təqaüdün məbləği onu maliyyələşdirən şəxs tərəfindən müəyyənləşdirilir və 1 il ərzində hər ay verilir. Təqaüd onu verən şəxsin əməkhaqqı hesabından onu alanın əməkhaqqı hesabına köçürülür. Təqaüd İqtisadiyyat İnstitutunun yaşı 30-a qədər olan tədqiqatçılarına əldə etdikləri nailiyyətlər əsasında verilir. Təqaüd onu maliyyələşdirən şəxsin bilavasitə tabeçiliyində işləyənlərə, yaxud elmi rəhbəri olduğu əməkdaşlara verilmir. Təqaüdə namizəd direktor tərəfindən irəli sürülür və bu barədə qərar elmi şura tərəfindən sadə səs çoxluğu ilə qəbul olunur.

Tehsil-press.az

Oxşar xəbərlər