Azərbaycan Dillər Universitetində Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

Azərbaycan Dillər Universitetində Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub Yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) “525-ci qəzet”in təşkil etdiyi, 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin 50 illiyinə həsr olunan şeir və esse müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib.
Tədbirdə rektor Kamal Abdulla 20 Yanvar şəhidi, həmçinin universitetin tələbəsi olmuş Ülvi Bünyadzadənin ömür yolundan bəhs edib.
Qeyd olunub ki, Ülvi Bünyadzadənin xatirəsi hər zaman əziz tutulur, onun yaradıcılıq nümunələri xarici dillərə tərcümə edilib. Bu yaxınlarda şairin “Düşüncələr” şeiri 11 dilə tərcümə edilərək, müxtəlif xalqların oxucularına təqdim olunub.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid təşkilatçılığa və göstərilən dəstəyə görə universitet rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib. Müsabiqənin əhəmiyyətindən danışan qonaq layihəni gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün atılan addımlardan biri kimi xarakterizə edib.
Tədbirdə müsabiqəyə göndərilmiş mətnlərdən ibarət “Vətən – şəhid əmanəti” kitabının təqdimatı olub.
Sonda qaliblər mükafatlandırılıb.
Şəfa Vəli “Anamın boyat dərdi” essesi ilə 1-ci mükafatı qazanıb. Emin Piri “Qələmlə yazılanlar”, Günel Bayatlı (Mehdizadə) “Qəbirdə də Qarabağın özüyəm”, Heyran Cavadova “İyirmi”, İlahə Əhmədova “Qırmızıya bürünmüş qara tarix” essesinə görə ikinci yerə layiq görülüblər.
Elmin Nuri “Ruhköçürmə stansiyası” essesi, Gülnar Natiqqızı “İgidim Ülvi” şeiri, Kənan Novruzov “İllər keçsə də... yaşayacaq...”, Nahidə Xəqaniqızı “Xalqın ürəyində yer alan şair”, Nərgiz Qazi “Vətəni qürbətdə yaşamaq”, Simran Qədim “İşığa toplaşanlar”, Şəhla Aslan “Torpaq - dövlətin təməli kimi” essesi ilə üçüncü yerin mükafatına layiq biliniblər.

Tehsil-press.az



Oxşar xəbərlər