Sovet dövründə Asiya xalqları ədəbiyyatı ilə tanış olmaq imkanlarımız çox məhdud idi. Olsa-olsa bu xalqların yazarlarının mövcud rejimi tərənnüm edən şeirləri, bəzi yazıları tərcümə edilir, lakin bu təqdimatlar xalqların gerçək ədəbiyyatını əks etdirmirdi. Bütün bunlar Asiya xalqları ədəbiyyatının araşdırmadan kənarda qalmasını şərtləndirirdi. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2016-cı ildə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaradılması bu işlərin yeni müstəvidə davam etməsinə imkan yaratdı. Şöbənin yaradılması ilə uzun illər unudulmuş Çin, Yaponiya, Hindistan, Koreya, Əfqanıstan, Pakistan, İndoneziya, Vyetnam, Monqolustan ədəbiyyatlarının araşdırılması üçün qapılar açıldı. Son vaxtlar müxtəlif mətbuat orqanlarında şöbə əməkdaşlarının müntəzəm olaraq Asiya ədəbiyyatı ilə bağlı məqalə və araşdırmalarını izləyirik. Artıq Azərbaycan oxucuları Asya xalqlarının ədəbiyyatı ilə tanış olmağa başlayıblar. Xalqlar arasında mədəniyyət missiyasını həyata keçirən şöbənin əməkdaşları hazırda hansı araşdırmalar üzərində çalışırlar? Bu xalqların ədəbiyyatı ilə bağlı dissertasiya mövzuları işlənilirmi?
Tehsil-press.az bütün bunlarla bağlı Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinın qeydlərini təqdim edir.
Səksən beş yaşlı Ədəbiyyat İnstitutunda zaman-zaman dünya ədəbiyyatının istiqamətləri öyrənilib, dünya bədii fikrinin görkəmli nümayəndələrinin yaradıcılığı ilə bağlı elmi əsərlər yazılıb, dissertasiyalar müdafiə edilib. Lakin uzun müddət dünya ədəbiyyatı çətiri altında Avropa, Amerika ədəbiyyatı öyrənilib və tədqiq edilib. Nəticədə dünya ədəbiyyatının böyük bir hissəsi öyrənilməyib, ali məktəblərdə belə dərsliklərə salınmayıb. Halbuki dünya ədəbiyyatında Asiya xalqlarının ədəbiyyatı önəmli yerlərdən birini tutur. Həm tarixi keçmişi, həm də sənətkarlıq baxımından Asiya xalqlarının ədəbiyyatı dünya bədii xəzinəsini mövzu, problematika, obrazlar, xarakterlər, bədii kompozisiya orijinallığı və s. cəhətdən zənginləşdirib. Təkcə onu demək lazımdır ki, hind şairi, dramaturq və nasiri Rabindranat Taqor Asiya xalqları arasında ilk Nobel mükafatı alanlardandır. Digər Asiya xalqları içərisində də bədii düşüncənin zirvəsini fəth edən şairlər, yazıçılar, dramaturqlar az deyil. Bütün bunlar Asiya xalqlarının ədəbiyyatının dünya bədii düşüncəsində mühüm yer tutduğunu göstərir.
İnstitutda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaradılması Asiya xalqlarının ədəbiyyatını öyrənmək məqsədi daşıyır. Bu, həmin xalqların ədəbiyyatını öyrənməklə yanaşı, Azərbaycan ədəbiyyatını, mədəniyyətini də ədəbi əlaqələr kontekstində təbliğ etmək deməkdir. Doğrudur, bu xalqların ədəbiyyatını öyrənmək üçün müəyyən zaman lazımdır, lakin artıq bunun əsası qoyulub, milli ədəbiyyatşünaslığımızda yeni bir tədqiqat istiqaməti açılıb. Artıq şöbədə Asiya ədəbiyyatı üzrə araşdırmalar aparılır. Tədqiqatlara iki problem - “Asiya xalqları ədəbiyyatı və ədəbi əlaqələr”, “Asiya xalqları ədəbiyyatı: mərhələləri, problemləri, şəxsiyyətləri” və iki mövzu - “Asiya xalqları ədəbiyyatının inkişaf meyilləri”, “Azərbaycan-Asiya ədəbi əlaqələri” daxildir. Araşdırmalarımız həm Asiya xalqları ədəbiyyatının problemlərinə və mərhələlərinə, həm də ayrı-ayrı şəxsiyyətlərinin yaradıcılığına həsr olunub. Üzərində işlədiyim hind və benqal ədəbiyyatının görkəmli nümayəndəsi Rabindranat Taqorun həyat və yaradıcılığı ilə bağlı monoqrafiya bu il tamamlanacaq. Onun əsərləri haqqında bir neçə məqalə dərc etdirmişəm. Tədqiqat işləri ilə əlaqədar məqalələrimiz xaricdə nüfuzlu elmi dərgilərdə çap edilir. Bir neçə il əvvəl Hindistanın Quvahatı Universitetində təşkil olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış etmişəm. Filologiya üzrə elmlər doktoru Bəsirə Əzizəliyeva fərdi iş planına uyğun olaraq Pakistan mütəfəkkiri Məhəmməd İqbalın həyat və yaradıcılığı haqqında monoqrafiyanı tamamlamaq üzrədir. Tədqiqatçı “Məhəmməd İqbalın “Cavidnamə” əsərində türk, islam və Qərb görüşləri” mövzusunda məruzə ilə Türkiyədə beynəlxalq konfransda çıxış edib. Onun “M.İqbal və türklər” məqaləsi isə “Ədəbiyyat qəzeti”ndə dərc olunub. Elmi işçilər Gülnar Yunusova “Azərbaycan-yapon ədəbi əlaqələri”, Leyla Həsənzadə “Azərbaycan-Koreya ədəbi əlaqələri”, Leyla Ramazanlı İndoneziya yazıçısı “Ananta Turun yaradıcılığı”, Lamiyə Nəsirova “Azərbaycan-Monqolustan ədəbi əlaqələri”, Nərgiz Kərimova “Azərbaycan-Çin ədəbi əlaqələri”, Sübhan Məmmədov “Azərbaycan-Malay ədəbi əlaqələri”, Sevda Məmmədova “Azərbaycan-Vyetnam ədəbi əlaqələri” mövzularında tədqiqat üzərində işləyirlər. Şöbədə “Azərbaycan ədəbiyyatında Çin (şeirlər, hekayələr)” mövzusu ilə bağlı toplama işləri başa çatıb, hazırladığımız kitab çapa hazırdır.
Artıq şöbədə Asiya xalqları ədəbiyyatının müxtəlif problemləri ilə bağlı dissertasiya mövzuları da işlənilir. Belə ki, filologiya üzrə fəlsəfə doktoru Şəhla Qurbanova “Azərbaycan-hind ədəbi əlaqələri” mövzusunda elmlər doktorluğu, Gülnar Yunusova “Haruki Murakaminin yaradıcılığında postmodernizm”, Nərgiz Kərimova “Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” mövzuları üzrə fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyirlər.
Biz hər il həmin xalqların ədəbiyyatı ilə bağlı müxtəlif konfranslar və seminarlar da keçiririk. Həmin tədbirlərə əlaqəli ölkələrin səfirləri və mədəniyyət attaşeləri dəvət olunur. Asiya xalqlarının ədəbiyyatı ilə bağlı müxtəlif ölkələrdə elmi məruzələr edilir. “Azərbaycan ədəbiyyatında Çin mövzusu”, “Rabindranat Taqor Azərbaycan ədəbi mühitində”, “Məhəmməd İqbalın yaradıcılığı”, “Yapon ədəbiyyatının görkəmli nümayəndəsi Haruki Murakaminin həyatı və dövrü” mövzularında Çin, Hindistan, Pakistan və başqa ölkələrdə məruzələr edilib. Hind ədəbiyyatı, İndoneziya ədəbiyyatı, yapon ədəbiyyatı ilə bağlı konfranslarımız olub.
Şöbənin yaradılmasında məqsəd təkcə araşdırma aparmaqdan ibarət deyil, həm də xalqlararası mədəni missiyanı həyata keçirməkdir. Bu istiqamətdə də şöbədə müəyyən işlər görülür. Müvafiq ölkələrin səfirlikləri ilə əlaqə saxlanılır, onların müxtəlif bayramlarında, tədbirlərində iştirak edirik. Hind mütəfəkkiri Rabindranat Taqorun anadan olması ilə əlaqədar bu ölkənin səfirliyinin Bilik Fondu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil etdiyi tədbirdə məruzə söyləmişəm. Hindistanın, Çinin, İndoneziyanın müstəqillik günlərində səfirliyin keçirdiyi tədbirlərdə şöbə əməkdaşları da iştirak ediblər. Bütün bunlar həmin ölkələrin ədəbiyyatını araşdırmaqla yanaşı, Azərbaycan ədəbiyyatını və mədəniyyətini yaymağı şərtləndirir. Bu istiqamətdə müəyyən işlər görülüb, ayrı-ayrı ölkələrin müxtəlif təşkilatları ilə əməkdaşlıq müqaviləsi imzalanıb. 2015-ci ildə institutun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsünə əsasən Çinin Konfutsi İnstitutu arasında elmi-ədəbi əlaqələrin inkişafı ilə bağlı müqavilə imzalanıb. Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzi yaratmaqda əsas məqsəd qədim İpək Yolunda mədəniyyətin, ədəbiyyatın yenidən bərpası, qarşılıqlı tədqiqatların aparılması, birgə konfransların keçirilməsi olub. Mərkəzdə Çin dili tədris olunur. Hazırda həmin mərkəzdə institut əməkdaşlarından dörd nəfər Çin dilini öyrənir. Bu yaxınlarda isə şöbənin nəzdində Çin Tədqiqatları Mərkəzi yaradılıb. Xatırladım ki, 2017-ci ilin iyununda Çin İctimai Elmlər Akademiyasının Etnik Ədəbiyyatlar İnstitutunun professoru Huanq Zhongxianq institutumuzda birhəftəlik elmi ezamiyyətdə oldu. O, şöbəmizdə “Çində etnik ədəbiyyatların tədqiqi” mövzusunda məruzə oxuyub. 2017-ci ilin oktyabrında Bakıda keçirilən Azərbaycan-Çin birgə konfransında “Qədim Azərbaycan ədəbiyyatında Çin motivləri” mövzusunda məruzə ilə çıxış etdim.
Pekində 2017-ci ildə keçirilmiş “Dəyişən dünya kontekstində Çinin inkişafı” adlı beynəlxalq konfransda akademik İsa Həbibbəyli və mən məruzə etdik. Çin İctimai Elmlər Akademiyasının təşkil etdiyi bu tədbir dünyanın müxtəlif ölkələrində Çin tədqiqatlar mərkəzlərinin yaradılması üçün müəyyən hazırlıq məqsədi daşıyırdı.
Şöbənin yaradılması ilə əsası qoyulmuş bu ədəbi-mədəni əlaqələr artıq öz bəhrəsini verməkdədir. Çin İctimai Elmlər Akademiyasında da Azərbaycanşünaslıq Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub. 2017-ci ildə “Kitabi-Dədə Qorqud” dastanı Çin Minzu Dillər Universiteti tərəfindən çap edilib. Dastanın başqa xalqların dillərinə tərcüməsinə Çinin də qoşulması abidənin yeni bir arenada tanınması deməkdir. “Kitabi-Dədə Qorqud”un Çin nəşrini sadəcə tərcümə adlandırmaq çətindir. Bu nəşri, həmçinin dastanın elmi-tənqidi mətni hesab etmək olar. Çünki dastanın tərcüməsi zamanı böyük və zəhmətli elmi-tənqidi mətn işi görülüb. Bu, kitabın nəşrinin əhəmiyyətini olduqca artırır.
Tehsil-press.az