Ədəbiyyat İnstitutunda Haruki Murakaminin “Qaranlıqdan sonra” romanı müzakirə edilib

Ədəbiyyat İnstitutunda Haruki Murakaminin “Qaranlıqdan sonra” romanı müzakirə edilib Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində yapon ədəbiyyatının görkəmli nümayəndəsi Haruki Murakaminin “Qaranlıqdan sonra” (“Afuta daku”) əsərinə həsr edilmiş seminar keçirilib.
Seminarda çıxış edən şöbə müdiri, professor Bədirxan Əhmədli yapon ədəbiyyatının Asiya ölkələrinin ədəbi mühiti ilə yanaşı, dünya ədəbiyyatında mühüm yer tutduğunu söyləyib. Yaponiyanın iqtisadi inkişafı, yapon xalqının tarixən formalaşmış və bu gün də davam etdirilən özünəməxsus adət-ənənələri, bənzərsiz mədəniyyətinin daim diqqət mərkəzində olduğunu nəzərə çatdıran professor Şərqi Asiya xalqlarının ədəbiyyatları arasında Azərbaycan dilinə ən çox yapon ədəbi nümunələrinin tərcümə olunduğunu bildirib. Tərcümə materialları arasında dünyada postmodern ədəbiyyatın kultuna çevrilən Haruki Murakami yaradıcılığına geniş yer verilməsi vurğulanıb. B.Əhmədli “Qaranlıqdan sonra” romanının Azərbaycan dilində tərcüməsinin olmadığını, əsərin seminarda ilk dəfə təqdim edildiyini diqqətə çatdırıb.
Şöbənin əməkdaşı, yaponşünas Gülnar Yunusova 2004-cü ildə Yaponiyada işıq üzü görmüş “Qaranlıqdan sonra” romanının bədii xüsusiyyətləri haqqında geniş məlumat verib. Qeyd edib ki, bu roman H.Murakaminin digər əsərlərindən olduqca fərqli quruluşa və məzmuna malikdir. Eyni zamanda, sözügedən əsərdə yazıçının bundan öncəki yaradıcılıq nümunələrinin izlərinə də rast gəlinir. “Qaranlıqdan sonra” romanı bir növ ssenari şəklində yazılıb. Hər nömrəli bölüm bir saat şəklinin təsviri ilə başlayır və beləliklə hər bir bölümün nə qədər müddət davam etdiyini saatlardan asanlıqla anlamaq olur. Roman tam şəkildə adını ehtiva edir, çünki bütün hekayətlər gecə saat 11:56-dan səhər saat 06:52-yə qədər olan zaman çərçivəsində baş verir. Lakin bu zaman çərçivəsində baş verən bütün dialoqlardan uzunmüddətli və retrospektiv məlumatlar əldə edilir. “Qaranlıqdan sonra” romanı yazıçının ancaq üçüncü şəxs təhkiyəsindən istifadə olunaraq qələmə alınmış ilk romanıdır. Roman bir-biri ilə kəsişən hekayətləri əhatə edir və bütün bunlar oxucuya hadisələri görünməz şəkildə, sanki bir müşahidə kamerası kimi izləyən üçüncü naməlum şəxs tərəfindən çatdırılır. Təhkiyəçi özünü cəm halında “Biz” kimi təqdim edir. H.Murakaminin bu üslubu açıq şəkildə oxucunu mətnə daxil etmək məqsədinə xidmət edir. Hadisələr təhkiyəçinin dilindən vizual olaraq film və yaxud televiziya çəkilişləri kimi kameranın yönü dəyişdirilərək təqdim edilir. Vizual baxış bucağı zəruri hallarda kəsilir, yaxınlaşdırılır, bəzən quş baxışı halına gətirilir.
Məruzə ətrafında aparılan müzakirələrdə H.Murakami yaradıcılığının müxtəlif aspektləri təhlil edilib, çağdaş yapon ədəbiyyatının bu görkəmli nümayəndəsinin əsərlərinin dilimizə tərcüməsinin zəruriliyinə toxunulub.
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində ilboyu davam edəcək seminarlarda Asiya xalqları ədəbiyyatının müxtəlif problemləri, hadisələri və şəxsiyyətləri haqqında müzakirələr aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər