Şərqşünaslıq İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini distant şəkildə davam etdirirlər

Şərqşünaslıq İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini distant şəkildə davam etdirirlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı və sərəncamı ilə AMEA-nın bütün elmi müəssisələrində olduğu kimi, Şərqşünaslıq İnstitutunun əməkdaşları da tədqiqatlarını koronavirus pandemiyası ilə əlaqədar mövcud şəraitə uyğun davam etdirirlər.
İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva əməkdaşlarla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır, görülən işlərlə maraqlanır. Qurumun alimləri tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu məcmuələr arasında Şərqşünaslıq İnstitutunun elmi nəşri olan “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı da yer alıb.
Müəssisənin Nəşriyyat və elmi informasiya təminatı şöbəsinin müdiri, dosent Ruhəngiz Cümşüdlü şöbənin işlərinin idarə edilməsi, o cümlədən “XIV-XVII əsrlərdə Azərbaycan ərəbdilli şeiri” mövzusunda tədqiqat işi üzərində fəaliyyətini səmərəli şəkildə davam etdirir, Azərbaycan ərəbdilli şeirinin bir sıra nümunələrinin tərcüməsi üzərində işləyir. O, həmçinin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ərəbcə şeirlərinin geniş ön söz, şərh və qeydlərlə tərcüməsini başa çatdıraraq nəşrə hazırlayıb.
İnstitutda ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Vüqar Məmmədov “İzahlı fars dilçilik terminləri lüğəti” mövzusu üzərində tədqiqat aparır, “Farsca-azərbaycanca-rusca-ingiliscə dilçilik terminləri lüğəti”ni çapa hazırlayır, eləcə də “Dörddilli terminoloji lüğətin tərtibi prinsipləri” məqaləsi üzərində işləyir. O, eyni zamanda, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs kimi fəaliyyətini davam etdirir, institutun “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının məsul katibi kimi bu nəşrə şərq mövzusunda göndərilən məqalələri nəzərdən keçirir, jurnal üçün materiallar hazırlayır.

Tehsil-press.az

Oxşar xəbərlər