BDU-da fəaliyyət göstərən muzeylər tələbə, müəllim və tədqiqatçıların bəhrələndiyi mədəniyyət ocaqlarıdır

BDU-da fəaliyyət göstərən muzeylər tələbə, müəllim və tədqiqatçıların bəhrələndiyi mədəniyyət ocaqlarıdır Dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bakı Dövlət Universitetinin Tarixi muzeyinin müdiri Ramin Səmədov bu barədə Tehsil-press.az ilə fikirlərini bölüşüb. O deyib: “Muzeylər tarixlə bağlı həqiqəti təcəssüm etdirən, mədəni irsi qoruyan, tədqiq və təbliğ edən zəngin mədəniyyət ocaqlarıdır. Tarixi özündə yaşadan, ötən dövrlərin müxtəlif olaylarından xəbər verən eksponatların komplektləşdirilməsini, qorunub saxlanmasını, etibarlı mühafizəsini, tədqiqini və nümayişini təmin edən muzeylər hər bir cəmiyyətin maddi-mənəvi xəzinəsi hesab olunur. UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ilə təsadüf edən 11-ci Konfransında qəbul olunmuş qərara əsasən hər il mayın 18-i dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. 1978-ci ildən başlayaraq hər il 150-dən çox ölkədə qeyd olunan bu beynəlxalq tədbir xalqlar arasında mədəni mübadilənin, mədəniyyətin müxtəlif istiqamətlərini birləşdirən sahələr üzrə əməkdaşlığın inkişafına töhfə verir. Beynəlxalq Muzeylər Günü ictimaiyyətin diqqətini xalqın mədəni irsini qoruyub saxlayan və gələcək nəsillərə ötürən muzeylərin vəziyyətinə, bu sahədə olan problemlərə cəlb etmək, onların həlli yollarını tapmaq, muzeyləri inkişaf etdirmək və zənginləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bu beynəlxalq tədbir çərçivəsində adəti üzrə bütün muzeylərdə “Açıq qapı” günü keçirilir və ziyarətçilərin tarixi hadisələri əks etdirən muzey eksponatları və əşyaları ilə daha yaxından tanış olmaları üçün əlverişli şərait yaradılır. Dünyada tarixi qədim keçmişə söykənən, ötən dövrlərdə yaşananları müxtəlif dəyərli eksponat və ekspozisiyaları ilə özündə ehtiva edən, milyonların ziyarət məkanına çevrilən yüzlərlə məşhur muzey fəaliyyət göstərir. Vaşinqton Milli İncəsənət Qalereyası, Nyu-York Metropoliten Muzeyi, habelə Parisdə Luvr Muzeyi, Venesiyada Akademiya Qalereyası, Drezdendə Şəkil Qalereyası, Moskvada Tretyakov Qalereyası, Sankt-Peterburqda Dövlət Ermitajı kimi məşhur muzeylər sözün həqiqi mənasında zəngin mədəniyyət ocaqlarıdır.
İnkişaf etmiş ölkələrdə muzey işinin təşkili ilə bağlı əldə edilmiş təcrübənin öyrənilməsi ölkəmizdəki muzeylərin fəaliyyətinin təkmilləşməsində, bu növ fəaliyyətin elm və təhsil sahəsində müasir tələblərə uyğun şaxələndirilməsində, rəqəmsal texnologiyaların inkişafı dövründə muzeylərin interaktivliyinin təmin edilməsində xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanda bir çox sahələr kimi muzey işinin, muzeyşünaslığın inkişafı da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrlərə təsadüf edir. 1969-cu ilədək ölkəmizdə 29 muzey fəaliyyət göstərirdisə, Ulu Öndərin sovet dövründə respublikaya rəhbərliyi illərində 111 müxtəlif profilli muzey yaradılıb. Dahi lider ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edən vacib qərarlar qəbul edib. Bu tədbirlərə uyğun olaraq ölkəmizdə Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlayıb. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılıb. Qeyd edilməlidir ki, ötən əsrin 90-cı illərində bu sahədə vəziyyət heç də ürəkaçan olmayıb. Azərbaycanda ictimai-siyasi gərginlik, xaos və anarxiya digər sahələrdə olduğu kimi, muzey işinə də öz mənfi təsirini göstərib. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində bütün sahələrdə əsaslı dönüş yarandı. Mədəni irsimizə diqqət və qayğı yeni muzeylərin təşəkkül tapmasına və müasirləşdirilməsinə yol açdı.
Təəssüflər olsun ki, uzun illər ölkəmizdə fəaliyyət göstərmiş və xalqımızın tarixi və mədəniyyətinin təbliğatçısı kimi tanınmış muzeylərin 22-si ötən əsrin 90-cı illərində erməni qəsbkarlarının təcavüzü nəticəsində bu gün işğal altındadır. Erməni işğalı nəticəsində Ağdamda Çörək muzeyi ilə yanaşı, tarix-ölkəşünaslıq muzeyi, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası, Şuşada Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev-muzeyləri, Şəkil Qalereyası, Şuşa və Xankəndi Diyarşünaslıq muzeyləri eksponatları ilə birlikdə tamamilə məhv edilib. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi (indi Azərbaycan Xalça Muzeyi) Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın xatirə muzeylərinin ümumilikdə 800-dən çox eksponatı talan edilib. Otuz mindən çox tarixi əhəmiyyətli əşyaları olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi də erməni vandallarının talanına məruz qalıb.
Qeyd edilməlidir ki, işğal olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılması, saxtalaşdırılması və talan edilməsi UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının kobud şəkildə pozulması ilə yanaşı, vandalizm aktıdır.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmizdə muzeylərin inkişafı yeni mərhələyə qədəm qoyub. Ölkə başçısı tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlarla Neft Muzeyinin, Müasir İncəsənət Muzeyinin, İdman və Olimpiya Hərəkatı Muzeyinin yaradılması bu yüksək qayğının dolğun təzahürüdür.
Prezidentin 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açdı.
Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir: bunlardan 68-i tarix-diyarşünaslıq, 52-si Heydər Əliyev muzeyi, 43-ü görkəmli xadimlərin ev-muzeyi, 14-ü incəsənət, 12-si tarix, 7-si ədəbiyyat, 5-i döyüş şöhrəti muzeyidir. Regionlarda fəaliyyət göstərən Heydər Əliyev muzeyləri mədəniyyət ocaqları kimi Ulu Öndərin zəngin irsinin öyrənilməsində, onun ideyalarının təbliğində və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır.
Xüsusilə qeyd edilməlidir ki, bu gün universitet muzeylərinin əhəmiyyəti, onun təhsil və elmlə birgə vəhdəti gələcək nəsillərin tariximizə və mədəni irsimizə bağlılığında vacib amillərdəndir. Ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali məktəblərinin əksəriyyətində muzey ənənələrinin inkişafı fərəhləndiricidir. Bildiyimiz kimi, ilk universitet muzeyi ötən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan universitetlərinin flaqmanı sayılan Bakı Dövlət Universitetində yaradılıb. Bu gün BDU-da 5 muzey fəaliyyət göstərir: Heydər Əliyev muzeyi, BDU-nun Tarixi muzeyi, Geologiya fakültəsinin “Faydalı qazıntılar muzeyi”, M.A.Axundov adına “Təkamül təlimi muzeyi”, “Arxeologiya və etnoqrafiya muzeyi”.
Tariximizi və mədəniyyətimizi yaşadan muzeylərə dövlət qayğısı ilə yanaşı, cəmiyyətin hər bir üzvünün diqqəti və yaradıcı münasibəti olduqca vacibdir. Bu münasibət xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması və sabaha ötürülməsi, gənc nəslin düzgün tərbiyə olunması və vətənpərvərlik ruhunda formalaşması üçün möhkəm zəmin yaradır. Ulu öndərimiz Heydər Əliyevin muzeylərin əhəmiyyəti haqqında bu kəlamını unutmamalıyıq: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.

Tehsil-press.az



Oxşar xəbərlər