AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKFATINA LAYİQ GÖRÜLMÜŞ ALİMLƏR TƏLTİF OLUNUBLAR

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKFATINA LAYİQ GÖRÜLMÜŞ ALİMLƏR TƏLTİF OLUNUBLAR Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun alimlərinə, İnstitutun direktoru, akademik Nazim Məmmədov, laboratoriya rəhbərləri Nadir Abdullayev, İmaməddin Əmiraslanov və böyük elmi işçi Ziya Əliyevə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının döş nişanı və diplomu təqdim olunub. Mükafatlandırma mərasimi iyulu 1-ində baş tutub. Döş nişanı və diplom alimlərə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən təqdim olunub.
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə yuxarıda adları qeyd olunan şəxslər layiq görülmüşdülər.
Qeyd edək ki, 20 dekabr 2019-cu ildə "Nature" jurnalında nəşr olunan “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna istinadların sayı 100-ü keçib. Həmin məqalə antiferromaqnit topoloji izolyatorunun kəşfi haqqındadır. Bu kəşf gələcəkdə itkisiz enerji daşınması və digər sahələrdə tətbiq olunması baxımından faydalı olacaq.
Məqaləyə istinadların sayının artması dünya elmi ictimaiyyətinin azərbaycanlı alimlərin işinə verdiyi qiymətdən xəbər verir. İstinadlar dünyanın aparıcı fizika elmi mərkəzlərinin alimləri tərəfindən olunub.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər