BDU Lyon Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi barədə danışıqlar aparıb

BDU Lyon Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi barədə danışıqlar aparıb Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Görüşdə rektor Elçin Babayev hər iki ölkə arasında əməkdaşlığın vacibliyini qeyd edərək, universitetin tarixi, maddi-texniki bazası, professor-müəllim heyəti, tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib. BDU-nun beynəlxalq əlaqələrindən bəhs edən rektor universitetdə fəaliyyət göstərən mərkəzlərin fəaliyyətinə də diqqət çəkib. BDU-nun artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan rektor ali məktəbin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə Bakı Dövlət Universiteti və Fransa universitetləri arasında tarix, arxeologiya sahəsində əməkdaşlığın genişləndirilməsi və ikili diplom proqramının həyata keçirilməsi barədə danışıqlar aparılıb. 2020/2021-ci tədris ilində BDU və Fransanın Lyon 2 Universitetinin hüquq fakültələrinin əqli mülkiyyət hüququ ixtisası üzrə ikili magistr diplomu proqramı üzrə müqavilə imzalayacağı haqqında qərar qəbul edilib.
Rektorun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev fransız şirkətləri ilə birgə layihələrin hazırlanması istiqamətində görülən işlərin əhəmiyyətindən söz açıb.
Azərbaycanda Fransız İnstitutunun direktoru Jerom Kel BDU ilə əlaqələrin qurulmasının vacibliyini qeyd edib. O, BDU-da fransız dilinin tədrisinə dəstək verəcəklərini bildirib. Qeyd olunub ki, bu istiqamətdə yeni tədris ilindən Fransız İnstitutu BDU-nun Hüquq fakültəsi ilə birlikdə ikili magistr diplomu proqramına qoşulacaq. Bundan başqa, Hüquq fakültəsinin 10 tələbəsi üçün fransız dili dərslərinin təşkili planlaşdırılıb.
Görüş birgə tədqiqatların aparılması və Fransa universitetləri ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, digər fakültə və ixtisaslarda birgə mübadilə və ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri, Azərbaycanda Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzi ilə birlikdə görülə biləcək işlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən universitetdə Hüquq fakültəsi yaradılıb. 1960-cı illərdə universitet 2 müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon 2 və Lyon 3 adlı üç müstəqil ali təhsil müəssisəsindən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır. Universitetdə yeddi böyük kitabxana fəaliyyət göstərir, bir nəfər Nobel mükafatçısı var.

Tehsil-press.az

Oxşar xəbərlər