UNEC-də distant tədrisin təşkilində keyfiyyət meyarlarına dair müzakirələr aparılıb

UNEC-də distant tədrisin təşkilində keyfiyyət meyarlarına dair müzakirələr aparılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant tədrisin və imtahanların təşkilində keyfiyyətin daha da artırılması məqsədilə rektor, professor Ədalət Muradov və UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə onlayn müzakirələr aparılıb.
Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələrinin təmsil olunduğu İctimai Nəzarət Şurasının üzvlərinə universitetdə distant təhsilin tədrisində tətbiq olunan yeniliklər barədə məlumat verilib. Bildirilib ki, tədrisdə keyfiyyətin artırılması məqsədilə dərslər modul sisteminə uyğun olaraq keçirilir və semestrlər 4 modulla əvəzlənib. Hər modulun sonunda isə imtahanlar təşkil olunur. UNEC-də dərslərə davamiyyətin sərbəst oluduğunu nəzərə alaraq, tələbələrin dərslərdə fəallığını artırmaq və tədrisə cəlb olunmasını motivasiya etmək məqsədilə seminarlarda 20 bal qazanmaq imkanının yaradıldığı diqqətə çatdırılıb. Sistemin tətbiqindən sonra tələbələrin könüllü olaraq dərsə davamiyyətində ciddi artımın olduğu vurğulanıb.
Texniki və texnoloji ixtisaslar üzrə virtual laboratoriyaların yaradıldığı və tələbələrin həmin laboratoriyalarda istənilən qədər təcrübə aparmaq imkanlarının olduğunu bildirilib, gələcəkdə laboratoriyaların sayının artırılacağı qeyd edilib. Daha bir yeniliyin isə elektron kitabxana ilə bağlı olduğu deyilib. Tələbələr istənilən zaman elektron kitabxana xidmətindən istifadə edərək lazım olan dərs və dərs vəsaitlərini əldə edə, eləcə də müxtəlif beynəlxalq bazalara və resurslara çıxış imkanı əldə edirlər.
UNEC-də xarici dilin tədrisində də yeni standartların tətbiq olunduğu şura üzvlərinin diqqətinə çatdırılıb. Belə ki, xarici dilin tədrisinin 2 ilə qədər artırıldığı və tədrisin dinləmə, danışma, yazma, oxuma bacarıqları üzərində qurulduğu qeyd edilib. Gələcəkdə isə bir neçə fənnin tədrisinin xarici dildə tədris olunmasının nəzərdə tutulduğu qeyd edilib.
Növbəti yeniliyin isə üçüncü moduldan etibarən xaricdə fəaliyyət göstərən tanınmış professorların tədrisə cəlb olunması ilə bağlı olduğu diqqətə çatdırılıb.
Distant dərslərdə keyfiyyətə nəzarətin təşkili məqsədilə ikinci moduldan etibarən bütün fakültələr üzrə monitorinq qruplarının yaradıldığı bildirilib. Müəllimlərin tədris zamanı texniki və texnoloji biliklərinin artırılması məqsədilə peşəkar mütəxəssislər tərəfindən çoxsaylı təlimlərin keçirildiyi, hazırda isə DİM nümayəndələri tərəfindən imtahan testlərin düzgün hazırlanması metodikasına dair 5 günlük təlimlərin başladığı və təlimlərin canlı olaraq UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən yayımlandığı vurğulanıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Milli Məclisin deputatları Etibar Əliyev və Arzu Nağıyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Müzakirələrlə davam edən görüşdə bildirilib ki, mövcud vəziyyətdə distant təhsilin geniş tətbiq olunması daha təkmil və mütərəqqi distant təhsil modelinin formalaşması üçün böyük imkanlar yaradır.

Tehsil-press.az



Oxşar xəbərlər