UNEC-də Qarabağ iqtisadiyyatının dirçəlişində moda sənayesinin perspektivləri ilə bağlı konfrans keçirilib

UNEC-də Qarabağ iqtisadiyyatının dirçəlişində moda sənayesinin perspektivləri ilə bağlı konfrans keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər” mövzusunda respublika konfransı keçirilib.
Konfransın moderatoru, universitetin İslam Maliyyə Mərkəzinin rəhbəri, professor Zahid Məmmədov 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpasının dövlətimizin qarşısında duran ən önəmli məsələ olduğunu diqqətə çatdırıb. Professor bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən söz açıb, ölkəmizin sosial-iqtisadi inkişafında Qarabağın önəmli yeri olduğunu, bu ərazilərin istehsal imkanlarının ölkənin ixrac potensialının inkişafına böyük təkan verəcəyini bildirib. Z.Məmmədov konfransın mövzusunun bu baxımdan aktuallığını diqqətə çatdırıb, səslənən təklif və tövsiyələrin müvafiq qurumlara təqdim ediləcəyini vurğulayıb.
Konfransda çıxış edən UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova Qarabağ geyimlərində istifadə olunan elementlərin, bədii tərtibatların müasir geyimlərə tətbiqi metodlarından danışıb, həmin geyimlərin dünyada tanıdılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Pərvin Kərimzadə ötən ilin Azərbaycan üçün Zəfər ili kimi yazıldığını vurğulayaraq, Qarabağın dirçəldilməsinin ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən danışıb. O, bu istiqamətdə moda sənayesinin inkişafının böyük rol oynayacağını qeyd edib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, dosent Xalidə Bayramova erməni işğalından azad olunan ərazilərin tarixi-mədəni dəyəri ilə yanaşı, zəngin iqtisadi potensialına nəzər salıb, Qarabağda moda sənayesinin inkişafı istiqamətlərindən bəhs edib.
İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova Qarabağda qurama sənətinin tarixi və inkişafı barədə təqdimatla çıxış edib. O, Azərbaycanın qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növlərindən biri sayılan qurama sənətinin yenidən bərpasından və bu istiqamətində görülən tədbirlərdən söz açıb.
Əsas məruzəçilərdən olan Azərbaycan Texnologiya Universitetinin kafedra müdiri Tofiq Mirzəyev “Müasir geyimlərdə Qarabağ milli geyim və dekorativ sənət elementlərindən istifadə yolları”, universitetin Dizayn kafedrasının müəllimi Nərminə Namazova “Moda sənayesində İslam mədəniyyətinin konsepsiyaları” mövzularında çıxıb ediblər.
Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
UNEC-in prorektoru, dosent Səadət Qəndilova qədim sənət növü olan pilək tikmə sənəti və parçalardan, professor Zabit Aslanov milli geyimlərin standartlarının hazırlanmasının vacibliyindən danışıblar. Dizayn kafedrasının müdiri, dosent Elfanə Qasımova və digər çıxış edənlər Qarabağ moda industriyasının inkişafı ilə bağlı tədqiqatların aparılmasının və layihələrin hazırlanmasının bu sahənin inkişafına böyük töhfələr verəcəyini diqqətə çatdırıblar.
Konfrans UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər