UNEC-də “Elm həftəsi” çərçivəsində növbəti tədbir

UNEC-də “Elm həftəsi” çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzində “Elm həftəsi” çərçivəsində “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri” mövzusunda tədbir keçirilib.
Rektor, professor Ədalət Muradov mövzunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, əsas məqsəd Ermənistanın mövcud iqtisadi durumunu və gələcək iqtisadi inkişafını araşdırmaq, müvafiq dövlət qurumlarını və ictimaiyyəti bu barədə məlumatlandırmaqdır.
Rektor “UNEC Ekstern”də iqtisadçı tədqiqatçılar üçün erməni dilinin distant tədrisinə başlanılacağını, Ermənistan iqtisadiyyatında baş verənləri müzakirə etmək məqsədilə “Debat klubu”nun yaradılacağını, bununla bağlı rus, ingilis və erməni dillərində “Məlumat baza”sının formalaşdırılacağını bildirib. Həmçinin Ermənistan iqtisadiyyatı ilə bağlı beynəlxalq tədbirlərdə mərkəzin tədqiqatçılarının təmsil olunmasının vacibliyini diqqətə çatdırıb.
UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin və Türkiyənin Erciyes Universitetinin ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev Ermənistan iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması ideyasını yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Flora Qasımova Ermənistan iqtisadiyyatının araşdırılmasının vacibliyindən danışıb. UNEC-in böyük elmi potensialı ilə bu istiqamətdə töhfələr verəcəyini və ictimaiyyətə həqiqətlərin çatdırılacağını vurğulayıb.
Tədbir müzakirələrlə davam edib.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər