Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun direktoru, akademik Möhsün Nağısoylu Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. Qeyd olunub ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət dahi rəhbər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib.
Akademik vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatı keçirərək 44 gündə ərazilərimizi təxminən 30 il davam edən düşmən işğalından azad etdi. Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və şanlı ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.
Professorlar İsmayıl Məmmədli, Sayalı Sadıqova, elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov vurğulayıblar ki, Xocalı qırğınlarını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu qətliamı törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Beynəlxalq hüquq və sağlam düşüncə məhz bunu tələb edir.

Tehsil-press.az



Oxşar xəbərlər