Türkiyədə keçirilən beynəlxalq “İstanbul Publishing Fellowship” proqramında Azərbaycan ədəbiyyatı və romanları haqqında geniş məlumat verilir

Türkiyədə keçirilən beynəlxalq “İstanbul Publishing Fellowship” proqramında Azərbaycan ədəbiyyatı və romanları haqqında geniş məlumat verilir İstanbulda beynəlxalq “İstanbul Publishing Fellowship” (İstanbul Nəşriyyat Təqaüdü) proqramı davam edir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Anadolu Agentliyinin qlobal rabitə tərəfdaşlığı ilə hazırlanan, Türkiyə Media Yayım Peşə Birliyi tərəfindən keçirilən tədbir çərçivəsində bu il ilk dəfə təşkil olunan “Diqqət mərkəzindəki ölkə” adlı bölmədə Azərbaycan nəşriyyatından bəhs edilir. Bu bölmənin təşkilinin əsas məqsədi türk dilinin nə qədər qədim olduğunu tanıtmaq və dilimizə beynəlxalq marağı artırmaqdır. Azərbaycanlı şair və yazıçıların da qonaq olduğu proqramda ölkə ədəbiyyatı və mətbəxi də təmsil olunur.
Tədbirin ikinci günündə “Azərbaycan ədəbiyyatı və dünya dillərinə tərcüməsi” və “Gerçək fantastika ilə görüşəndə: Çingiz Abdullayev” mövzusunda sessiyalar baş tutub.
Bakı Yunus Əmrə İnstitutunun müdiri Səlçuk Karakılıçın moderatorluğu ilə keçirilən “Azərbaycan ədəbiyyatı və dünya dillərinə tərcüməsi” adlı sessiyada Azərbaycan ədəbiyyatı haqqında məlumat verilib. Bu bölümün əsas qonağı olan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzaladığını xatırladıb. Sonra akademik dahi şair Nizami Gəncəvi yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxış edənlər Azərbaycan ədəbiyyatı, romanları, “Əli və Nino” əsəri, yazıçıların roman yaradıcılığında Şah İsmayıl Xətaiyə xüsusi yer verildiyindən danışıb, Azərbaycan romanlarının tarixi barədə məlumat veriblər.
Sessiyanın “Gerçək fantastika ilə görüşəndə: Çingiz Abdullayev” bölümünün qonağı isə Xalq yazıçısı Çingiz Abdullayev olub. O, tədbirdə çoxsaylı sualları cavablandırıb.
Bu il keçirilən altıncı tədbir çərçivəsində yayım əlaqələrinin gücləndirilməsi, iki ölkənin mədəni həyatına veriləcək töhfələr və bu istiqamətdə həyata keçiriləcək tədbirlər müzakirə olunur.
Martın 11-dək davam edəcək proqramda 60 ölkədən 345 nəşriyyat şirkəti iştirak edir.

Tehsil-press.az


Oxşar xəbərlər