Elmi seminarda gənc dissertantın məruzəsi maraqla qarşılanıb

Elmi seminarda gənc dissertantın məruzəsi maraqla qarşılanıb Geologiya və Geofizika İnstitutunda elmi seminar keçirilib. Seminarda gənc dissertant Fuad Əliyev Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu İ.Frank adına Neytron Fizikası laboratoriyasında ezamiyyətinin nəticəsi kimi “Çöküntü süxurlarında petrogen və səpinti elementlərinin neytron aktivləşmə və rentgen flüoresent analizləri ilə təyini” mövzusunda təqdimatla çıxış edib.
Son zamanlar müxtəlif geoloji məsələlərin həllində, əsasən süxurların element tərkibinin təyinində neytron tədqiqatlar geniş yer alıb. Süxurların element tərkibinin öyrənilməsi onların mənşəyi barədə birmənalı məlumat verir. Bu məqsədlə Böyük Qafqazın cənub-şərq qurtaracağında yerləşən təbii geoloji kəsilişlərdən tədqiqat üçün nümunələr götürülüb. Tədqiq olunan geoloji nümunələrin tərkibində petrogen və mikroelementlərin paylanması neytron aktivləşmə analizi (NAA) üsulunun köməyi ilə öyrənilib.
Tədqiq olunan süxurlarda petrogen və mikroelementlərin konsentrasiyası ilə yanaşı, müvafiq olaraq üst qitə qabığının, postarxey yaşlı Avstraliya şistlərinin və Şimali Amerikanın gilli şistlərinin tərkibindəki elementlərin konsentrasiyası müqayisə olunub. Belə bir müqayisə tədqiq olunan süxurların əmələgəlmə şəraitinin öyrənilməsinə imkan yaradır.
Məruzə maraqla qarşılanıb və mövzu ilə bağlı suallar cavablandırılıb. Gənc alimin tədqiqat işi yüksək qiymətləndirilib, seminarda iştirak edən magistrantlara tövsiyələr verilib.

Tehsil-press.az


Oxşar xəbərlər