Coğrafiya İnstitutunda təbiət abidələrinin qiymətləndirilməsi mövzusu müzakirə olunub

Coğrafiya İnstitutunda təbiət abidələrinin qiymətləndirilməsi mövzusu müzakirə olunub AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi seminar keçirilib.
Seminarda Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Böyük Qafqazın cənub-şərq hissəsinin təbiət abidələri və onların geoturizm potensialının qiymətləndirilməsi” mövzusunda çıxışı dinlənilib.
Təqdimatın məqsədi Azərbaycanın təbiət abidələrinin kompleks tədqiqinə diqqətin artırılması, təbiət abidələrinin qorunması üzrə maarifləndirmə, ölkəmizdə eko- və geoturizmin inkişafına dəstək və ərazidə mövcud olan təbiət abidələrinin geoturizm obyekti kimi qiymətləndirilməsi olub.
Müəllif Siyəzən rayonunda yerləşən və Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağını və Xızı rayonu ərazisindəki “Bəzəkli dağlar”ı tədqiqat obyekti kimi götürüb və həmin təbiət abidələrinin turistlər üçün cəlbedici olmasını əsaslandırıb. Eyni zamanda, onların hansı geoloji dövrlərdə əmələ gəlməsi və formalaşması xüsusiyyətlərinə, tektonik, litoloji, struktur, geomorfoloji və digər özəlliklərinə diqqəti yönəldib.
R.Fətəliyev hər iki təbiət abidəsinin dərindən öyrənilməsi üçün kompleks tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb və müvafiq tədbirlərin görülməsi üçün konkret təkliflər irəli sürüb.

Tehsil-press.az

Oxşar xəbərlər