BDU-nun Şərqşünaslıq fakültəsində “30 gün Şərq” layihəsinin ilk qonağı

BDU-nun Şərqşünaslıq fakültəsində “30 gün Şərq” layihəsinin ilk qonağı Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “30 gün Şərq” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyev ilə onlayn görüş keçirib.
Tədbiri dekan Elxan Əzizov açaraq Şərqşünaslıq fakültəsinin görkəmli məzunları, alimləri barədə məlumat verib, hazırda da böyük diplomatik nüfuza malik olan görkəmli məzunlarından bəhs edib. Sonra layihə çərçivəsində ilk fəxri qonaq - Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyevi təqdim edib.
Səfir Qaley Allahverdiyev iştirakçılara öz fəaliyyəti, Şərqşünaslıq fakültəsində oxuduğu illərdən etibarən peşəkar diplomatiya arenasına qədər keçdiyi fəaliyyət dövrü barədə danışıb, tələbələrə elmi və diplomatik sahədə uğurunun sirrini daim çalışmaq olduğuna diqqət çəkərək tələbələrə tövsiyələrini verib, məzunu olduğu fakültə ilə bağlı xatirələrini bölüşüb. Səfir Malayziya və Azərbaycan arasında mövcud diplomatik münasibətlər barədə məlumat verib, ölkələr arasında mədəni əlaqələrdən bəhs edib.
BDU-nun Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən Vüqar Qaradağlı səfirin fəaliyyətinin tələbələr üçün nümunə olduğunu bildirib, fakültənin görkəmli məzunları ilə görüşlərin tələbələr və fakültə üçün əhəmiyyətindən söz açıb.
Fakültə TGT-nın sədri İmran Sayılov belə görüşlərin tələbələr üçün böyük motivasiya və stimul qaynağı olduğunu qeyd edib, bu ənənənin davamlı olacağına əminliyini ifadə edib.

Tehsil-press.az

Oxşar xəbərlər