DİM beynəlxalq rus dili imtahanı ilə əlaqədar növbəti seminar təşkil edib

DİM beynəlxalq rus dili imtahanı ilə əlaqədar növbəti seminar təşkil edib Dövlət İmtahan Mərkəzinin (DİM) və Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) təşkilatçılığı ilə “ТРКИ - Rus dili imtahanlarına necə hazırlaşmalı” mövzusunda onlayn seminar keçirilib.
seminarın məqsədi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən beynəlxalq ТРКИ (Rus dili xarici dil kimi) imtahanlarına hazırlıq barədə ictimaiyyəti məlumatlandırmaq olub. Seminarın spikeri olan SPDU-nun Test Mərkəzinin rus dili üzrə mütəxəssisi Nadejda Dubinina təqdimatında test tapşırıqlarının strukturu, tədris vəsaitləri, rus dilini öyrənmək üçün əlavə materialların seçilməsinə dair tövsiyələr, həmçinin müəllim və tələbələrin istifadə edə biləcəyi yararlı internet resursları kimi mövzulara toxunub.
Tədbir “Zoom” üzərindən rus dilində təşkil olunub. Tədbirdə rus dilini tədris edən 52 müəllim və rus dilini öyrənmək, bacarıqlarını qiymətləndirmək istəyən şəxslər iştirak ediblər.
Seminar iştirakçıların ТРКИ imtahanlarına dair suallarının cavablandırılması ilə yekunlaşıb.
Rus dili xarici dil kimi fənni üzrə biliklərini təkmiləşdirmək istəyənlər üçün DİM-in saytında faydalı materiallar verilmiş keçidlər təqdim olunur. Bu sıraya ТРКИ-nin rəsmi hazırlıq və praktiki materialları, rus dili xarici dil kimi üzrə əlavə təhsil proqramları, SPDU-nun onlayn kursları daxildir.
Xatırladaq ki, ТРКИ rus dilini bilmə səviyyəsini müəyyənləşdirmək üçün keçirilən beynəlxalq imtahandır. Bu imtahan dünyada TORFL (Test of Russian as a Foreign Language) kimi tanınır. DİM-də keçirilən ТРКИ imtahanları haqqında ətraflı məlumat Mərkəzin saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər