“Virtual məktəb” üzrə təhsil menecerləri təşəkkürnamə ilə təltif olunub

“Virtual məktəb” üzrə təhsil menecerləri təşəkkürnamə ilə təltif olunub Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərən təhsil menecerləri ilə onlayn görüş keçirilib.
Tədbirdə nazirliyin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, layihə rəhbərləri və təhsil menecerləri iştirak ediblər.
Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Virtual məktəb” layihəsi çərçivəsində görülən işlərdən danışıb. O, 2020-ci ilin aprel ayından etibarən layihədə göstərdikləri səmərəli fəaliyyətə görə təltif edilən təhsil menecerlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra layihə çərçivəsində təhsil menecerlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bir il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açmış “Virtual məktəb”də yaradılan imkanlardan istifadə üzrə müəllim və şagirdlərə dəstək göstərmək məqsədilə təhsil menecerləri fəaliyyətə başlayıb. Hazırda ölkə üzrə 62 menecer “Virtual məktəb” üzrə fəaliyyət göstərir. Hər bir menecer aid olduğu şəhər və region üzrə şagirdlərin ümumi 9 minlik böyük qruplarına, eyni zamanda, müəllimlərin böyük qruplarına nəzarət edir. Böyük şagird qruplarında menecerlər təhsilalanları mərkəzləşdirilmiş tədbir, müsabiqə və yarışlar haqqında məlumatlandırır, təhsillə bağlı material və təlimatları paylaşaraq, ümumi prosesə nəzarət edirlər. Müəllim region qrupları üzrə isə menecerlərin əsas fəaliyyəti tehsilverənlərin platforma üzrə çətinliklərinə kömək göstərmək, müvafiq təlimatlar vermək və mərkəzləşmiş şəkildə idarəetməni təşkil etməkdir. Təhsil menecerləri, eyni zamanda, regional təhsil şöbələri ilə sıx əməkdaşlıq quraraq, region üzrə platforma ilə bağlı bütün sualların layihə mərkəzinə çatdırılmasına və qısa zamanda həllinə dəstək olurlar.

Tehsil-press.az


Oxşar xəbərlər