“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib “Yüksəliş” müsabiqəsinin İşçi qrupu tərəfindən növbəti vebinar keçirilib. Vebinarda təhsil naziri Emin Əmrullayev “XXI əsrin tələbi: təhsil və əmək bazarı” mövzusunda təqdimatla çıxış edib.
Vebinarın moderatoru “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev olub.
Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin ölkəmizdə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir bildirib ki, müsabiqədən gözləntilər böyükdür, çünki peşəkar kadr məsələsi hər bir ölkə üçün prioritet istiqamətdir.
Nazir əmək bazarında gələcək inkişaf imkanlarının nəzərə alınmasının vacibliyini qeyd edib. Gələcəkdə kadr potensialı baxımından daha dəqiq araşdırmalar, seçimlər aparılacağını nəzərə çatdıran təhsil naziri burada əsas meyarın əhəmiyyətlilik olacağını deyib. Emin Əmrullayev vurğulayıb ki, Azərbaycanın əmək bazarı üçün vacib məsələlərdən biri iş sahəsində boşluqları düzgün müəyyən etmək və ona uyğun davranmaqdır. Nazir kadr hazırlığının da bu strategiya üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.
Qarşılıqlı müzakirə formatında aparılan vebinarda təhsil naziri iştirakçıların suallarını cavablandırıb. Emin Əmrullayev müsabiqədə yarımfinala keçən iştirakçılara təbriklərini çatdırıb və uğurlar arzulayıb.
Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib.
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir. Hazırda müsabiqənin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Tehsil-press.az



Oxşar xəbərlər