AzMİU tələbələri yeni avtomobil yolunun tikintisində

AzMİU tələbələri yeni avtomobil yolunun tikintisində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin istehsalat təcrübəsi uğurla davam edir. İstehsalat müəssisələrində təcrübə keçən tələbələrin praktiki biliklərinin artırılmasını diqqət mərkəzində saxlayan universitetin Təcrübə və Karyera Mərkəzinin əməkdaşları mütəmadi olaraq həmin müəssisələrdə yoxlamalar aparır, tələbələrin davamiyyətini, onlar üçün yaradılan şəraiti, ümumilikdə təcrübələrin gedişini yerindəcə öyrənirlər.
Bu günlərdə mərkəzin direktoru Xanlar Qəniyev “AzVirt” MMC-nin Balaxanıda yerləşən asfalt-beton zavodlarında və şirkətin podratçısı olduğu Bakı-Quba-Rusiya sərhədi ilk ödənişli avtomobil yolunun 30-cu km hissəsinin tikintisində təcrübə keçən tələbələrlə görüşüb. Mərkəzin direktoru nəqliyyat, inşaat və tikinti-iqtisad fakültələrinin tələbələrinin təcrübələrdə davamiyyəti, onlara yaradılan şərait, gördükləri işlər, təhlükəsizlik qaydaları və s. ilə maraqlanıb.
Asfalt-beton zavodundakı avtomatlaşdırılmış mərkəzdə elektron sxemlə tənzimlənən iş prosesi ilə tanış olan tələbələr sonra çınqıl-beton laboratoriyasına da baş çəkib, istehsal prosesini yaxından izləyiblər. İş prosesində tələbələrin marağına səbəb olan suallar laboratoriyanın əməkdaşları tərəfindən cavablandırılıb.
Bu görüşün nəticəsindən məmnun qalan X. Qəniyev şirkətin rəhbərliyinə tələbələr üçün yaradılan şəraitə, ayrılan diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər