BDU-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib

BDU-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib Bakı Dövlət Universitetində (BDU) ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə rektor Elçin Babayev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 18-də Sərəncam imzalandığını, həmin sənəddə ölkə başçısının Aşıq Ələsgərin yaradıcılığına, sənətinə böyük dəyər verdiyini vurğulayıb.
Elçin Babayev qeyd edib ki, xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz Ulu Öndərimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilib, qədim yurd yerimiz olan Göyçə mahalında isə Aşıq Ələsgərin abidəsi ucaldılıb. Aşıq sənətinə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Milli Məclisin deputatı Naqif Həmzəyev, BDU-nun kafedra müdiri Knyaz Aslan çıxış ediblər. Çıxışlarda Aşıq Ələsgər sənətinin qüdrətindən, eyni zamanda, ölkəmizdə aşıq sənətinə verilən yüksək qiymətdən bəhs edilib.
Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Aşıq Ələsgərin şeirləri saz havaları üstündə ifa olunub.
Sonda çıxış edən Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli yüksək səviyyəli tədbirin təşkilatçılığı üçün BDU rəhbərliyinə və iştirakçılara Aşıq Ələsgər ocağı adından təşəkkürünü bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər