Deputat: Sarsılmaz təməllər üzərində qurulan Azərbaycan-Türkiyə münasibətlərində təhsil sahəsi xüsusi yer tutur

Deputat: Sarsılmaz təməllər üzərində qurulan Azərbaycan-Türkiyə münasibətlərində təhsil sahəsi xüsusi yer tutur “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” iki qardaş ölkə arasında sıx əməkdaşlığın növbəti nümunəsidir. Biz bilirik ki, “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələri əhatə edir və münasibətlərimiz sarsılmaz təməllər üzərində qurulub.
Azərbaycan-Türkiyə əlaqələrində təhsil sahəsi xüsusi yer tutur. Ölkələrimiz bu sahədə də çox fəal surətdə əməkdaşlıq edirlər. Bu baxımdan düşünürəm ki, peşə təhsili sahəsində də əməkdaşlıq hər iki tərəf üçün böyük fayda verəcək.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, hər bir ölkənin tərəqqisini şərtləndirən mühüm amillərdən biri milli təhsilin inkişafıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, təhsil sahəsində sistemli və kompleks xarakterli tədbirlərin həyata keçirilməsi ümumi inkişafa xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Bu baxımdan təhsil sahəsində Azərbaycanın təcrübəsi də nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” tezisi əsasında görülən genişmiqyaslı işlər ölkədə təhsil sisteminin XXI əsrin çağırışlarına uyğun inkişafını təmin edir. Ümumiyyətlə, ölkədə həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması nəticəsində təhsil sahəsində də yeni keyfiyyət dəyişiklikləri yüksək səviyyədə təmin olunub. Bu mənada XXI əsrin çağırışları və yeni trendlərinə müvafiq olaraq təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Buna nümunə kimi Azərbaycanda peşə təhsilinin inkişafı üçün dövlət agentliyinin yaradılmasını qeyd etmək olar.
Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynamasının həyata keçirilməsi məqsədilə Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktlar hazırlanıb.
F.Yıldırım vurğulayıb ki, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması qarşıya qoyulan mühüm vəzifələrdəndir. Sumqayıt Kimya Sənaye Parkı nəzdində ən müasir tələblərə cavab verən Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi buna bir nümunədir. “Ümumiyyətlə, peşə təhsilinin inkişafı həm də müxtəlif sahələrdə kadr təminatı siyasətinin uğurla həyata keçirilməsinə imkan verir. Azərbaycanda kənd təsərrüfatı, sənaye, habelə yüksək texniki bilik tələb edən bir sıra sahələrdə kadr potensialına ciddi ehtiyac var. Bu ehtiyacı qarşılamaq üçün peşə təhsilinin inkişafı vacibdir. İnkişaf etmiş ölkələrdə bu reallıq özünü əks etdirir.
Bir sıra Avropa ölkələrinə nəzər saldıqda görürük ki, orta məktəbdə şagirdlər artıq müəyyən yaşdan sonra peşə ixtisası üzrə maarifləndirilir və istədiyi halda şagirdlər bu istiqaməti seçə bilir. Bu ölkələrdə peşə təhsili alanlar da, ali təhsil almış şəxslər qədər əmək bazarında yüksək qiymətləndirilir. Eyni zamanda, əmək bazarında fəallıq və canlanmanı, məşğulluq səviyyəsinin və sosial rifahın artmasını şərtləndirir”, - deyə F.Yıldırım bildirib.
Deputatın sözlərinə görə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”da Azərbaycanda Türkiyə Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur. Peşə təhsili veriləcək sahələr informasiya texnologiyaları, qalma və səyahət xidmətləri, mebel və interyer dizayn, moda dizayn texnologiyaları, qida və içki xidmətləri sahələridir. Tərəflərin razılığı ilə bu sahələrdə dəyişikliklər edilə bilər. “Düşünürəm ki, gələcəkdə hansı peşələrin daha çox tələb gördüyünü müəyyən etməklə, bu sahələrdə dəyişiklər və ya əlavələr edə bilərik. Əsasən də, bu Qarabağın dirçəlişi prosesi ilə bağlıdır. Işğaldan azad olunmuş Qarabağın bərpasında inşaat bumu olacağını nəzərə alaraq, inşaat sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi aktual məsələdir. Bu prosesdə bizə yaxşı mütəxəssislər lazımdır. Ona görə də, hesab edirəm ki, yaradılacaq yeni peşə təhsili müəssisələrində bu məqamın nəzərə alınması çox yaxşı olardı. Çünki peşə təhsili həm də xüsusi peşəkarlıq səriştəsinə sahib olmaq deməkdir”, - deyə o qeyd edib.
Qardaş Türkiyə ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyulduğunu diqqətə çatdıran Fatma Yıldırım bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin və xalqının Azərbaycana qətiyyətli dəstəyi möhtəşəm zəfərimizin qazanılmasında vacib rol oynadı. Müharibə bitdikdən sonra əlaqələrimiz daha da güclənməkdədir. Qarabağın bərpasında Türkiyə şirkətlərinin də yaxından iştirak etdiklərini söyləyən deputat deyib: “Düşünürəm ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un imzalanması əlaqələrimizin inkişafına öz töhfəsini verəcəkdir”.

Tehsil-press.az


Oxşar xəbərlər