Azərbaycanlı alimin kitabı İranda fars dilində nəşr edilib

Azərbaycanlı alimin kitabı İranda fars dilində nəşr edilib Azərbaycan Universitetinin professoru Asif Hacılının “Qurani-Kərim rus ədəbiyyatında” kitabı İran İslam Respublikasında fars dilində dərc edilib.
Bu haqda İranın “Mirasmaktoob” – Yazılı İrs Elmi Mərkəzinin rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir: “İran-Rusiya Dostluq cəmiyyəti Azərbaycan Universitetinin professoru Asif Hacılının “Qurani-Kərim rus ədəbiyyatında” kitabının fars dilinə tərcüməsini nəşr etmişdir. Asif Hacılının rus ədəbiyyatını uzun illərin tədqiqi və tədrisinin məhsulu olan bu kitab beş fəsildən ibarətdir və islamın yarandığı çağdan günümüzə qədər olan dövrü əhatə edir, rus ədəbiyyatının təhlili əsasında yazılıb. Müxtəlif dövrlərdə rus ədib və mütəfəkkirlərinin əsərlərində Quranın və onun ilahi məzmununun inikasına həsr olunan bu əsər tədqiqatçılar, Quran araşdırıcıları, alimlər, dini və ədəbi fikir sahibləri üçün qiymətli mənbədir. Bu kitab islamın rus diyarlarına daxil olmasının min iki yüz illiyi münasibəti ilə Azərbaycan dilindən fars dilinə tərcümə olunub və İranın İran-Rusiya Dostluq Cəmiyyəti tərəfindən nəşr edilib”.
Qeyd edək ki, Asif Hacılının adı çəkilən kitabı bir qədər əvvəl İstanbulda “Doğu Kütübhanesi” nəşriyyatı tərəfindən türk dilində böyük tirajla və geniş ön sözü ilə nəşr olunub, Kayseri Erciyəs Universitetində filologiya və ilahiyyat fakültələrinin professor-müəllim heyətinin, türkiyəli ədiblərin, tərcüməçi və alimlərin iştirakı ilə konfrans formatında təqdimatı keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər