İlahiyyat İnstitutunda “Qurani-Kərim”in digər dillərə tərcüməsinə dair seminar təşkil olunub

İlahiyyat İnstitutunda “Qurani-Kərim”in digər dillərə tərcüməsinə dair seminar təşkil olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ostrojskaya Akademiya” Milli Universitetinin İslam araşdırmaları mərkəzinin direktoru, Quranın Ukrayna dilinə tərcüməçisi, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviçin təqdimatında “Qurani-Kərim”in digər dillərə tərcüməsi” mövzusunda seminar təşkil olunub.
Müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı açan elm və innovasiyalar üzrə prorektor Aqil Şirinov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda təşkil olunan seminarlar, dəyirmi masalar, təlimlər haqqında məlumat verib. Mövzunun aktuallığına toxunan A.Şirinov tələbələrin ixtisaslarına uyğun peşə vərdişlərinə yiyələnmələri üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra M.Yakuboviçin “Qurani-Kərim”in digər dillərə tərcüməsi” mövzusunda məruzəsi dinlənilib. Ukraynalı alim qeyd edib ki, “Qurani-Kərim” ərəb dilində nazil olduğu üçün digər millətlər İslam dinini qəbul etdikdən sonra müqəddəs kitabı və başqa dini ədəbiyyatı öz ana dillərində oxumağa ehtiyac hiss ediblər. O, “Qurani-Kərim”i ukraynalı oxucuların başa düşəcəyi dildə tərcümə etməyə çalışdığını bildirib. M.Yakuboviç “Qurani-Kərim” tərcümələrini müqayisəli şəkildə təhlil edib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, qonaq sualları cavablandırıb.

Aİİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər