BDU-nun “EcoPrint” layihəsi Kopenhagendə keçiriləcək böyük finalda Azərbaycanı təmsil edəcək

BDU-nun “EcoPrint” layihəsi Kopenhagendə keçiriləcək böyük finalda Azərbaycanı təmsil edəcək Bakı Dövlət Universiteti (BDU) tələbələrinin ENACTUS komandası tərəfindən hazırlanan “EcoPrint” layihəsi EASA-nın (Euro-Asian Startup Awards) regional qalibi olaraq noyabrın 16-17-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək GSA-nın (Global Startup Awards) böyük finalında iştirak hüququ qazanıb.
Bu layihə ilk dəfə 2019-cu ildə “The Best Social Impact” kateqoriyasında ölkə üzrə finalçı olub. 2020-ci ildə “The Best Virtual Teamwork Solution” kateqoriyasında Azərbaycan üzrə, 2021-ci ilin 8 fevral tarixində isə regional finalda eyni kateqoriya üzrə mübarizə aparan Ermənistan komandasını məğlub edərək region üzrə qalib olub.
Əsas məqsədi yaşıllıqları və ağacları qorumaq olan “EcoPrint” layihəsi Azərbaycanda ekoloji, sosial və iqtisadi inkişafa dəstək olmaq missiyasını özündə birləşdirir. “EcoPrint” əhalinin sosial həssas qrupuna daxil olan insanlarla müqavilə əsasında sövdələşmələr edərək onları internet səhifəsi (ecoprint.deirvlon.com) üzərindən Avstraliya, Çin, Almaniya, Kanada kimi müxtəlif ölkələrdən Azərbaycanda ekoloji mühitin bərpasına və qorunmasına töhfə vermək istəyən şəxslərlə görüşdürür, ölkəmizin istənilən regionunda ağacəkmə prosesini həyata keçirir. Beləliklə, “EcoPrint” layihəsi Azərbaycanda sosial, iqtisadi və ekoloji vəziyyətə dəstək vermiş olur və bununla BMT-nin dayanıqlı inkişafa dair 17 məqsədindən 8-ni tam əhatə edir.
Bu uğuru ilə yanaşı “EcoPrint” layihəsi fəaliyyətə başladığı gündən bir çox beynəlxalq və yerli müsabiqələrdə, o cümlədən 2019-cu ildə “Hult Prize Azərbaycan” yarışının qalibi olaraq Türkiyədə və 2020-ci ildə Beynəlxalq ENACTUS yarışının Azərbaycan üzrə qalibi olaraq Niderland krallığında respublikamızı təmsil edib. Bundan başqa, 2020-ci il martın 13-də Bakıda keçirilən, əsas istiqaməti ekoloji mühitin bərpasına həsr olunan mövzuları əhatə edən “Qlobal Mühəndislik Simpoziumu”na rəsmi tərəfdaş olub.
Qeyd edək ki, “Global Startup Awards” təşkilatı 2012-ci ildə Danimarkada yaradılıb. Hazırda 113-dən çox ölkədə fəaliyyət göstərən GSA dünyanın müxtəlif regionlarından olan komandalar tərəfindən ərsəyə gətirilən startapları mükafatlandıran və onları bir araya gətirən qurumdur. Bu platforma çərçivəsində startaplar bir-biri ilə əlaqə qurur, şəbəkələşir, müxtəlif investorlarla görüşür və mükafatlandırılır. Azərbaycan GSA-nın “Euro-Asian Startup Awards (EASA)” adlanan və ayrı-ayrı ölkələrdən ibarət olan (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Rusiya) startaplar qrupuna daxil edilib və bu qrupda hər il müxtəlif kateqoriyalarda yarışlara qatılır.

Tehsil-press.az


Oxşar xəbərlər