TAPDIQ ƏLİBƏYLİ, HARA GEDİRSƏN? GƏLƏCƏYƏ

TAPDIQ ƏLİBƏYLİ, HARA GEDİRSƏN? GƏLƏCƏYƏ Bir saat olar ki, şair dostum və həm də əziz dostum Tapdıq Əlibəylinin şeirlərini oxuyuram. Oxuduqca dahi Taqorun bir sözünü, daha doğrusu, iki misrasını xatırlayıram; yarpaq sevəndə çiçək olur, çiçək sevəndə meyvə. Niyə məhz bu iki misra? Ola bilsin ki, Tapdıq Əlibəylinin şeirlərində poetik misra axtarışına çıxanlar mənimlə razı olmayacaqlar. Ona görə ki, hərə öz arşınına, zövqünə üyğun şeirlər axtarır və tapanda əsl poeziya nümunəsi olduğunu vurğulayırlar. Məndə isə vəziyyət tamamilə başqadır. Mən həm öz zövqümü, həm müasir ədəbi prosesin zövqünü, həm də başqalarının nə istədiklərini anlayaraq (başa düşərək) şeirə canlı bir orqanizm kimi baxıram. Mən bu il altmış illik yubileyini qeyd edən şair dostum Tapdıq Əlibəyliniin şeirlərində müasir həyatın ritmlərini, ən başlıcası isə təkamül məsələsini, xalq yazıçısı Anarın dili ilə desək “davam” prosesini gördüm və yuxarıda misal çəkdiyim Taqorun o məşhur iki misrası da elə məhz buna görə idi.

Dan yeri söküləndə.
İşığa söykənəndə...
Və yaxud
Sözə döndü heyrətim

Başqa bir misal:


Gah şıdırğı, gah aramla
Pəncərəmi döydü külək;
Bu küləkdən damla-damla
Yagış səpdi, doldu ürək.


Çəkdiyim misallarda bir ardıcıllıq, inkişaf var, səbəb və nəticə bir - birini tamamlayır, bir hadisədən başqa bir hadisə doğur. Hadisələr yaxşılığıa, işığa doğru gedir. Məsələn Günəş pəncərədən süzürsə, güldandakı gül də onu süzür. Pəncərəni külək döyür, bundan ürək doyur. Yəni dostumun şeirlərində hər şey əlaqəli şəkildədir. Bu, həm də onun xarakteridir.

Düzdəsə sözün düzü,
Sübhədək inləmişəm...
Başıma çəkib Sözü,
Özümü dinləmışəm...


Şair haqlıdır. Hər bir insan əvvəlcə özünü dinləyir, dinlədikdən sonra danışır və yazır. Çünki o zaman başqasına deməyə sözü olur. Sözü badə kimi başa çəkmək simvolikadır, ömrün müəyyən bir həddidir. O həd ki zirvənin başına çatıb bir hovur dincini alırsan, sonra isə arxaya baxmadan gələcəyə doğru gedirsən. Mənə isə bu sözü demək qalır: Uğur olsun, şair dost!

✍️Qəşəm Nəcəfzadə,
Azərbaycanın əməkdar mədəniyyət işçisi
şair


Tehsil-press.az


Oxşar xəbərlər