UNEC-də “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib

UNEC-də “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr olunub.
Konfransın açılışında çıxış edən UNEC-in prorektoru professor Sakit Yaqubov xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən söz açıb, XX əsrdə Azərbaycan xalqının iki dəfə müstəqilliyə qovuşduğunu diqqətə çatdırıb. O, milli azadlıq hərəkatının 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələndiyini bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində ölkəmizin müstəqilliyinin möhkəmləndiyini, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini deyib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə müstəqilliyimizin əldə olunması prosesinin həm şahidi, həm də iştirakçısı olaraq, onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən Ali Sovetin sessiyasında qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktının əhəmiyyətindən, eləcə də ölkənin iqtisadi müstəqillik konsepsiyasının mahiyyətindən danışıb. Deputat həmin dövrdən ölkənin iqtisadi potensialının sürətlə artmağa başladığını, bu gün ölkəmizin regionun ən güclü dövlətinə çevrildiyini deyib.
AMEA-nın Tarix İnstitutunun icraçı direktoru professor Cəbi Bəhramov müstəqilliyin əldə olunması və bərpasının tarixi barədə çıxış edib. Müstəqilliyimizin bərpasından sonra ilk illərdə ölkədə siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsinin respublikanı iflic vəziyyətinə saldığını deyən C.Bəhramov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədi olduğunu bildirib.
Sonra konfrans panel bölmələrdə müstəqillik illərinin institusional islahatları, regionların inkişafı, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ərazi bütövlüyünün bərpası, iqtisadi inkişafın perspektivləri, müstəqillik illərində maliyyə uçotu, statistika və digər mövzularda çıxışlarla davam edib.
Konfransın sonunda müstəqilliyin bərpasının 30-cu ildönümü məqsədilə müəllim və tələbələrin arasında keçirilən elmi məqalə müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib.
Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər