Memarlıq və İnşaat Universitetində qış imtahan sessiyasına hazırlıq məsələsi müzakirə edilib

Memarlıq və İnşaat Universitetində qış imtahan sessiyasına hazırlıq məsələsi müzakirə edilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi şurasının növbəti iclası keçirilib.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova iclasın gündəliyi barədə məlumat verib. Gündəlikdə duran məsələlərin müzakirəsindən əvvəl universitetin ötən gün dünyasını dəyişmiş veteran müəllimləri – Əminə Vəkilova və Rafiq Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rektor pedaqoji fəaliyyətlərinə AzMİU-da başlayan, ömürlərini təhsilə, tədrisə bağlayan hər iki müəllimi ehtiramla anıb, onlarla bağlı xoş sözlər söyləyib. Daha sonra rektor universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İslam Mustafayevi 70 illik yubileyi münasibətilə təbrik edib, onun keçdiyi ömür yoluna nəzər salıb, Azərbaycan təhsili və elminin inkişafındakı xidmətlərini vurğulayıb.
İclasda tədris işləri üzrə prorektor Akif Qasımov 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası, müdafiələrin yekunu və 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə hesabatını təqdim edib. O, pandemiya dövründə onlayn formatda keçirilən imtahanlarda tələbələrin biliklərinin qiymətləndirilməsi, əldə edilən uğurlar və nöqsanlardan danışıb, eyni zamanda, 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili, hazırlığın vəziyyəti məsələlərinə aydınlıq gətirib.
A.Qasımovun hesabatı ətrafında geniş fikir mübadiləsi aparılıb, iradlar və təkliflər səsləndirilib. Elmi şura prorektorun hesabatını qəbul edib.
Universitetin tanıdılması, dünya universitetlərinin reytinq cədvəlində təmsil olunması, tələbə qəbulunun artırılması istiqamətində görülən işlər və vəzifələrlə bağlı rektor tərəfindən yaradılmış işçi qrupun rəhbəri dosent Könül Ağayeva hesabat təqdim edib. O, qısa müddətdə universitetin saytının yenilənməsi, saytın ingilis və rus dilində versiyalarının hazırlanması istiqamətində işçi qrupun gördüyü işlərdən və qarşıda duran hədəflərdən danışıb. Şura üzvləri tərəfindən onun hesabatı qəbul edilib.
Sonda rektor qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün tapşırıq və tövsiyələrini verib.

Tehsil-press.az


Oxşar xəbərlər