Memarlıq və İnşaat Universitetində yeni tədris ilində qəbulun nəticələri müzakirə olunub

Memarlıq və İnşaat Universitetində yeni tədris ilində qəbulun nəticələri müzakirə olunub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi şuranın bu gün keçirilən iclasında 2021/2022-ci tədris ilində bakalavr və magistr səviyyələrində qəbulun nəticələri müzakirə olunub.
İclası açan universitetin rektoru professor Gülçöhrə Məmmədova gündəlikdəki məsələləri diqqətə çatdırmazdan əvvəl bu ilin sentyabrında vəfat edən Elmi şuranın üzvü, universitetin dosenti, dəyərli alim, əsl ziyalı Arif Hacıyevdən danışıb, mərhum haqqında xoş sözlər deyib.
Universitetin ümumi işlər üzrə prorektoru vəzifəsinə yeni təyin olunan Aqil Məmmədovu şura üzvlərinə təqdim edəndən sonra rektor İnşaat-texnologiya fakültəsinin dekanı professor Tahirə Haqverdiyevanı və Mühəndis sistemləri və qurğuları kafedrasının müdiri dosent Nurməmməd Məmmədovu yubileyləri münasibəti ilə təbrik edib.
Gündəlikdəki ilk məsələ ilə bağlı qəbul komissiyasının rəhbəri Surxay Əliyev çıxış edib. “2021/2022-ci tədris ilində bakalavr səviyyəsində qəbul imtahanlarının nəticələri, yeni dərs ilində universitetin reytinqinin və cəlbediciliyinin artırılması” mövzusunda hesabatdan məlum olub ki, yeni tədris ilində AzMİU-da 1970 plan yerinə 1624 tələbə qəbul olub, universitetin planı 83 faiz dolub. Fakültələr və ixtisaslar üzrə qəbulun nəticələrindən danışan S.Əliyev növbəti tədris ili üçün tələbə qəbulu proqnozuna dair əsaslandırılmış təkliflərini səsləndirib. Komissiyanın rəhbəri universitetin nəzdindəki İnşaat Kollecinə qəbuldan da danışıb. Bildirib ki, kollecdə 565 plan yerinə 550 tələbə qəbul olub, qəbul planı 97 faiz dolub.
Magistratura Mərkəzinin rəhbəri Rövşən Səmədov yeni tədris ilində magistratura səviyyəsində qəbulun nəticələri barədə hesabat təqdim edib. O, universitetin təbliğatını arzu olunan səviyyədə qurmaq, universitetin reytinqini və cəlbediciliyini artırmaq barədə maraqlı təkliflərlə çıxış edib. Hər iki hesabat ətrafında diskussiya aparılıb, qəbulda ortaya çıxan problemlərin aradan qaldırılması üçün çıxış yolları müzakirə olunub.
İclasda digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan məsələlər ətrafında Şura üzvləri çıxışlar ediblər, təklif və rəylər dinlənilməklə müvafiq qərarlar qəbul edilib.

Tehsil-press.az


Oxşar xəbərlər