ADU-da “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” kitabının təqdimatı olub

ADU-da “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” kitabının təqdimatı olub Azərbaycan Dillər Universitetində (ADU) polis leytenantı Aynur Səfərlinin “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Təhsil-1 fakültəsinin dekanı professor Fikrət Cahangirov açaraq kitab haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitabda tarixə “Dördgünlük müharibə” kimi daxil olmuş Aprel döyüşlərinin 89 şəhidi haqqında məlumat, müəllifin şəhid ailələri ilə görüşləri, qazilərlə müsahibələri yer alıb.
Universitet rektorunun məsləhətçisi Anar Osmanlı isə 44 günlük Vətən müharibəsinin araşdırılmasının və təhlilinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı Qələbənin əsasında Prezidentin liderlik keyfiyyətlərindən irəli gələn sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eyni zamanda, xarici siyasətdə uğurlar və xalq-iqtidar-ordu birliyi dayanır.
Pedaqogika kafedrasının əməkdaşları Oktay Abbasov, Vidadi Bəşirov, Səbinə Əliyeva və Türkan Əliyeva çıxış edərək kitab haqqında mülahizələrini söyləyiblər.
Tədbirə qonaq qismində dəvət olunmuş şəhid Muşviq Orucovun atası Arif Orucov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov belə bir nəşrin ərsəyə gətirilməsini bütün şəhidlərimizin ruhu qarşısında mənəvi borc və ehtiram kimi qiymətləndiriblər.
Kitabın “Ön söz”ünün müəllifi, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəis müavini polis polkovnik-leytenantı Hafiz Təmirov zəfərlə başa çatan Vətən müharibəsi haqqında məlumat verərək, Azərbaycan əsgərinin xalqın xəyalında Şuşaya apardığı bayrağı layiq olduğu yerə sancmaq üçün böyük bir qəhrəmanlığa imza atdığını vurğulayıb.
“Qəhrəmanlıq tariximizin şanlı səhifələri” kitabının müəllifi Aynur Səfərli tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib, Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizin gəncliyimiz üçün vətənpərvərlik nümunəsinə çevrildiyini, onların hər birinin ayrı-ayrılıqda bir qəhrəmanlıq dastanı yaratdığını vurğulayıb. Müəllif onu da qeyd edib ki, 2020-cı ildə 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizin təməli məhz 2016-cı il Aprel döyüşləri ilə qoyulub, bununla da Azərbaycan xalqı dəmir yumruğunu həm düşmənin, həm də onun havadarlarının başına endirib.
Sonda tədbir iştirakçılarına kitablar təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər