ADU-da “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib

ADU-da “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib Noyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə “Gənc İstedadların İnkişafina Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi əsasında “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov ADU-da mütəmadi olaraq tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onlarda vətənə sədaqət hissinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkil olunduğunu deyib. Tədbirin məqsədinin Aprel döyüşlərində şəhid olanların adlarının təbliği və əbədiləşdirilməsi olduğunu söyləyən S.Hüseynov hər bir vətəndaşın həyatını qəhrəman kimi yaşamasının, xalqına və dövlətinə sadiq vətəndaş kimi xidmət etməsinin zəruriliyini vurğulayıb: “Aprel döyüşlərində həlak olan şəxslərin adlarının əbədiləşdirilməsi hər bir cəmiyyət üzvünün mənəvi borcu olmalıdır. Şəhidlərimizin qəhrəmanlığı bizim üçün örnək olmalıdır, onları bu tədbir vasitəsilə yad etməyimiz müəyyən mənada onların ailələrinin ruh və əhvalını yüksəltmək üçündür və şəhidlərimizi unutmadığımızın göstəricisidir”.
Daha sonra Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov ADU-da Aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinin yad edilməsi münasibətilə keçirilən tədbirin təqdirəlayiq olduğunu deyib: “Gənc nəslin nümayəndələri, gələcəyin əsgərləri Azərbaycan xalqının tarixi qəhrəmanlıq salnaməsini bilməlidir. Qəhrəmanlıq geniş məfhumdur, bu sözün mənəvi və psixoloji amilləri var. Aprel döyüşlərində ordumuz tərəfindən göstərilən qəhrəmanlıq bizim öz torpaqlarımızı hər an geri qaytara biləcəyimizin daha bir nümunəsi oldu”.
Tədbirdə Aprel döyüşlərində şəhid olan Mahir Mirzəyevin atası Sabir Mirzəyev oğlu ilə bağlı xatirələrini bölüşüb, onun daima öz istəklərinə nail olmaq üçün əlindən gələni etdiyini bildirib: “Mən oğlumun şücaəti ilə fəxr edirəm. Mahir Mirzəyev daima vətənini düşünən insan olub. ADU-da bu tədbirin keçirilməsi təqdirəlayiqdir. Tələbələr xalqa və vətənə xidmət mövzularına daha yaxından bələd olmalı, vətənpərvər gənc kimi formalaşmalıdırlar”.
Sonda Azərbaycanın adını yüksəkdə tutan qəhrəmanlarımız haqqında videoçarx nümayiş olunub.
Qeyd edək ki, bu layihə “Gənc İstedadların İnkişafina Dəstək” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan QHT-lərinin maliyyələşdirilməsi ilə bağlı 2017-ci il üçün 2-ci qrant müsabiqəsinin qalibi olub. Layihə Aprel döyüşlərində qəhrəmanlıq və şücaət göstərərək həlak olan şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində ali təhsil müəssisələrində tədbirlərin həyata keçirilməsini özündə ehtiva edir.

ADU-nun Mətbuat xidməti


ADU-da “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilibADU-da “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilibADU-da “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib


Oxşar xəbərlər