Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub

Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı arasında görüş keçirilib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızının və ADNSU-nun prorektorlarının da iştirak etdiyi görüşdə rektor Mustafa Babanlı Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu deyib. ADNSU-da təhsilin səviyyəsi, tədris və təhsildə olan yeniliklər haqqında səfirə məlumat verən rektor bildirib ki, bundan sonra Türkiyənin texniki unuversitetləri ilə əlaqələri daha da inkişaf etdirmək fikrindədirlər. Konkret olaraq iki ölkə arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, mübadilə proqramlarının icrası, o cümlədən, digər perspektivlər müzakirə olunub. Rektor Mustafa Babanlı Kiyev Politexnik İnstitutu, ADNSU və Türkiyənin qabaqcıl texniki unuversitetlərindən biri ilə üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə bu barədə Memorandumunun imzalanması haqqında da səfirlə fikir mübadiləsi aparıb.
Səmimi müzakirələr əsasında keçən görüşdə rektor Mustafa Babanlı ADNSU-da iki Türk şəhdinin adına auditoriyaların açılması haqqında səfirə məlumat verib. Qeyd olunub ki, auditoriyalar hazırdır və artıq adları da məlum olan türkiyəli şəhidlərimiz haqqında tam məlumatlar və fotolar əldə oluduqdan sonra yaxın zamanlarda bu auditoriyaların açılışı olacaq.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ADNSU-da olduğundan məmnun olduğunu bildirib. Qeyd edib ki, səfirlik olaraq təhsil sahəsində əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcək. O, görüşdə müzakirə olunan məsələlərin qarşılıqlı əməkdaşlıq üçün çox önəmli olduğunu vurğulayaraq real perspektivlərin reallaşmasının vacibliyini qeyd edib.
Səfir Türk şəhidlərinin adına auditoriyaların yaradılmasını çox yüksək dəyərləndirib və belə bir təşəbbüsə görə rektor Mustafa Babanlıya təşəkkürünü bildirb.
Görüşün sonunda qonaqlarla birlikdə türk şəhidlərimizin adına açılacaq auditoriyalara baxış keçirildikdən sonra səfir Azİİ e-Kitab Evinə də baş çəkib, orada olan ədəbiyyat bazası və tələbələr üçün yaradılan şəraitlə tanış olub.

Tehsil-press.az


Oxşar xəbərlər