İqtisadiyyat İnstitutu 2021-ci il üzrə hesabat verib

İqtisadiyyat İnstitutu 2021-ci il üzrə hesabat verib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.
İnstitutun baş direktoru iqtisad elmləri doktoru professor Nazim İmanovun sədrliyi ilə baş tutan iclasda müəssisənin 2021-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işləri üzrə yekun illik hesabat dinlənilib.
İnstitutun icraçı direktoru dosent Allahyar Muradov bildirib ki, 2021-ci ildə müəssisədə “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda tədqiqatlar aparılıb. Tədqiqatlar zamanı 20 dövlət qurumundan - 11 nazirlik və 9 dövlət komitəsi və agentliyindən daxil olmuş təkliflər nəzərə alınıb. İnstitutda 27 indeks üzrə ümumilikdə 24 tədqiqat qrupu yaradılıb və bu zaman əməkdaşların tədqiqat istiqaməti əsas götürülüb. İnstitutda 22 beynəlxalq reytinq üzrə aparılmış tədqiqatların nəticəsi olaraq 5 kitab (Şəbəkə hazırlığı indeksi, Qlobal rəqabət qabiliyyəti indeksi, Biznes mühiti hesabatı, İqtisadi azadlıq indeksi və Xidmət sahələrinin reytinqi) nəşr edilib. Daha 14 kitabın çapı nəzərdə tutulur. İnstitutun özünün hazırladığı 5 reytinq üzrə də tədqiqatlar aparılıb.
Allahyar Muradov qeyd edib ki, Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişafı, həmin rayonlarda iqtisadi potensialdan istifadənin effektivliyi reytinqləri üzrə tədqiqatların nəticəsi olaraq, ilk dəfə Azərbaycan regionlarının iqtisadi inkişaf və diversifikasiya indeksi işlənib hazırlanıb. Bu tədqiqat Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında iqtisadi inkişaf və diversifikasiya səviyyəsini qiymətləndirmək məqsədilə yerinə yetirilib. Qiymətləndirmə müəlliflərin (professor Nazim İmanov və dosent Allahyar Muradov) işləyib hazırladıqları metodologiya əsasında aparılıb. Ciddi praktik əhəmiyyətə malik olan, regionlararası müqayisələrin aparılmasına imkan verən reytinq hazırlanıb. Tədqiqat Azərbaycanın bölgələri üzrə aparılsa da, təklif edilən yanaşma universal səciyyəlidir və digər ölkələrdə də regionlararası qiymətləndirmələr aparılmasına imkan verir.
AMEA-nın müxbir üzvü Şahbaz Muradovun apardığı tədqiqatlar əsasında “Azərbaycanın demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyillər, problemlər (1828-2020-ci illər)” kitabı nəşr edilib. Monoqrafiyada ilk dəfə olaraq zəngin tarixi, rəsmi statistik və elmi mənbələrin məlumatları əsasında 280 ilə yaxın tarixi dövr ərzində (1828-2020-ci illərdə) müxtəlif siyasi quruluşları özündə ehtiva edən dövrdə demoqrafik proseslərdə baş verən dəyişikliklər, urbanizasiya məsələləri ilə bağlı kompleks araşdırma aparılıb. Tədqiqat işində demoqrafik dəyişikliklərə təsir edən amillər tədqiq olunaraq qiymətləndirilib. Yaxın və uzaq gələcək üçün ölkənin demoqrafik inkişaf vəziyyətinin prioritet istiqamətləri müəyyənləşdirilib və onların nizamlanmasına dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr verilib.
Hesabatda qeyd olunub ki, İqtisadiyyat İnstitutu dövlət qurumları ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamının icrası məqsədilə Nazirlər Kabineti yanında yaradılmış 18 işçi qrupun 8-də İqtisadiyyat İnstitutu ekspertlər səviyyəsində təmsil olunur.
Allahyar Muradov məlumat verib ki, İqtisadiyyat İnstitutu işğaldan azad edilmiş Qarabağın gələcək iqtisadiyyatı ilə bağlı ciddi elmi araşdırmalar aparır, bu sahədə dövlət və hökumət qurumlarına elmi dəstək verir.
2021-ci ildə institutda aktual iqtisadi mövzuları əhatə edən 28 elmi seminar keçirilib. İl ərzində müəssisə əməkdaşları 10-dan çox beynəlxalq onlayn konfrans və forumda, ölkə səviyyəli 15-ə yaxın videokonfransda iştirak ediblər.
Kadr hazırlığı uğurla davam etdirilib. Hazırda institutda 82 doktorant və dissertant (20-si elmlər doktorluğu, 62-si fəlsəfə doktorluğu hazırlığı üzrə), 3 magistrant təhsil alır. Hesabat ilində institutun üç şöbə müdiri elmlər doktorluğu, daha üç əməkdaşı isə fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə edib. İnstitut əməkdaşlarının 11 kitab və monoqrafiyası çap olunub. Hesabat ilində institutun kitab fonduna 488 nüsxə ədəbiyyat daxil edilib.
İclasda Elmi şuranın üzvləri – AMEA-nın müxbir üzvləri Qorxmaz İmanov, Akif Musayev, professorlar Tərbiz Əliyev, Tofiq Hüseynov, dosentlər Mayis Gülalıyev, Rəsmiyyə Abdullayeva, Mahir Zeynalov və digərləri çıxış ediblər. İllik hesabat və institutun 2021-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Sonda Nazim İmanov çıxış edərək illik hesabata, görülən işlərə, qaldırılan məsələlərə münasibətini bildirib. Qarabağda yeni iqtisadiyyat quruculuğu ilə bağlı tədqiqatlardan, hökumət və dövlət qurumları ilə sıx əməkdaşlıqdan, birgə layihələrdən, institutun başlıca hədəfləri və qarşıda duran əsas vəzifələrindən danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər