İqtisadiyyat İnstitutunun 2020-ci ildəki fəaliyyətinə dair hesabat dinlənilib

İqtisadiyyat İnstitutunun 2020-ci ildəki fəaliyyətinə dair hesabat dinlənilib İqtisadiyyat İnstitutunun Elmi şurasının “Zoom” proqramı üzərindən onlayn iclası keçirilib.
Iclasda İqtisadiyyat İnstitutunun 2020-ci ildəki elmi-tədqiqat fəaliyyətinə dair hesabat dinlənilib. İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Allahyar Muradov təqdimatla çıxış edib. O bildirib ki, elmi müəssisənin kollektivi Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 13 min 63 manat, Həmkarlar Komitəsi isə min manat vəsait köçürüb.
Allahyar Muradov qeyd edib ki, işğaldan azad edilən ərazilərin bərpa proqramlarının hazırlanması üzrə Azərbaycanın həyata keçirəcəyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə İqtisadiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi”i yaradılıb.
Direktor müavini bildirib ki, 2020-ci ildə institutda “Azərbaycanın sosial-iqtisadi inkişafi və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” (2019-2021-ci illər) mövzusunda tədqiqatlar aparılıb. Tədqiqatlar zamanı 20 dövlət qurumundan - 11 nazirlik və 9 dövlət komitəsi və agentliyindən daxil olan təkliflər nəzərə alınıb. Tədqiqatlar 21 beynəlxalq reytinq üzrə aparılıb. Eyni zamanda institutun özünün 4 reytinqi - İS(S)İ – 2019 (2014-cü ildən bəri hər il hazırlanır. Son hesabat: İqtisadi inkişaf strategiyasının seçilməsi imkanları), Azərbaycanda sosial-iqtisadi inkişaf – 2020 (iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların sosial-iqtisadi inkişaf üzrə reytinqi), Azərbaycanda iqtisadi potensialın reallaşdırılması – 2020 (iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların iqtisadi potensialının reallaşdırılması üzrə reytinqi) və Azərbaycanda həyat keyfiyyəti (iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların həyat keyfiyyəti üzrə reytinqi) reytinqləri üzrə tədqiqatlar aparılıb.
Allahyar Muradov məlumat verib ki, il ərzində institutun əməkdaşları 10-dan çox beynəlxalq konfrans və forumda onlayn iştirak ediblər, kütləvi informasiya vasitələrində onlarla çıxışları verilib, məqalələri nəşr olunub. İnstitutun 50-yə yaxın əməkdaşı ölkə səviyyəli 15-ə yaxın videokonfransa qatılıb. 2020-ci ildə ümumilikdə 230 elmi əsər, o cümlədən, 1 dərslik, 8 monoqrafiya, beynəlxalq nüfuzlu bazalara daxil olan jurnallarda 31 məqalə nəşr olunub. Elmi müəssisədə elmlər doktoru hazırlığı üzrə dissertantların sayı 22, fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların sayı 49 nəfərdir.
Sonra 2020-ci ildə görülən işlər ətrafında geniş müzakirələr aparılıb. Elmi şuranın üzvləri növbəti ildə aparılacaq elmi tədqiqatlarla bağlı öz fikirlərini bölüşüblər.
İnstitutun direktoru, professor Nazim Müzəffərli 2021-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında institutun maliyyələşdirilməsinin yeni mexanizmi, dövlət sifarişləri əsasında aparılacaq elmi tədqiqatlar, Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin nəzərdə tutulan gələcək fəaliyyəti barəsində ətraflı məlumat verib.

Tehsil-press.az

Oxşar xəbərlər