Elmi konfrans: Ədəbiyyatımızın sönməz günəşi

Elmi konfrans: Ədəbiyyatımızın sönməz günəşi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın sönməz günəşi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri açan filialın direktoru professor Orucəli Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsi haqqında Sərəncamın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu Sərəncam azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.
Tədbirdə iştirak edən Gəncə Dövlət Universitetinin professoru Mübariz Yusifov, kafedra müdiri dosent Vüsalə Veysəlova, baş müəllim Vüsal İsgəndərzadə Nizami Gəncəvi haqqında məruzələrlə çıxış ediblər. Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxladığını bildiriblər.
Sonra Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimova, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, dosent Səfər Razıyev, müəllimlərdən Xəzangül Babayeva və digərlərinin çıxışları dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər