Mədəniyyət və İncəsənət Universiteti daha bir ilkə imza atıb

Mədəniyyət və İncəsənət Universiteti daha bir ilkə imza atıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı, bu ali məktəbin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə bir qrup yaradıcı tələbə Qadın və uşaq sığınacağında olub.
Könüllülük prinsipi ilə aksiyaya qoşulan tələbələrdən ibarət “Günəşi oyandıraq” adlı komanda uşaqlara öyrədici dərslər keçib, onlara unudulmaz anlar yaşadıblar. Uşaqlar tələbələrin ifasında maraqlı hekayələr dinləyib, fərqli öyrədici oyunlar oynayıb, rəssamla birgə müxtəlif mövzularda şəkillər, fiqurlar çəkiblər. Həmçinin ADMİU-nun musiqiçi tələbələri pianoda fərqli uşaq mahnıları ifa ediblər. Sonda uşaqlarla birgə rəqs edən şən kloun onlara gözəl anlar bəxş edib.
ADMİU tərəfindən başlanılan bu yeni xeyriyyə aksiyasının əsas məqsədi uşaq evləri, sığınacaq və internatlarda böyüyən və yaradıcı dərslər almağa şəraiti olmayan uşaqların daxili potensialını, istedadını üzə çıxarmaq, incəsənətə meyilli, istedadlı uşaqların gələcəkdəki sənət seçiminə təkan verməkdir. İlk görüşdən xoş təəssüratla ayrılan kollektiv bu cür maarifləndirici tədbirləri mütəmadi şəkildə davam etdirəcək.
Qeyd edək ki, ADMİU-nun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq yaradıcılıq yönümlü ali təhsil müəssisələrinin birgə əməkdaşlığı yaradılıb. Belə ki, ADMİU ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Məhz bu memorandum çərçivəsində ADMİU ölkəmizdə belə bir ilkə imza atıb. ADMİU-nun ilk addımı olan bu aksiyaya memorandumu imzalayan ali təhsil müəssisələri də qoşulacaq.

Tehsil-press.az


Oxşar xəbərlər